Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qırğızıstan və Tacikistan 22 il davam edən məsələyə son qoydular
Qırğızıstan və Tacikistan sərhədboyu xətlərin müəyyənləşdirilməsi prosesini başa çatdırıblar.
Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, qırğız-tacik dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə görüş Qırğızıstanın Batken şəhərində keçirilib.
"Görüş zamanı Qırğızıstanın baş nazirinin müavini Kamçibek Taşiyev və Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Saymumin Yatimov razılığa gəliblər", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Taşiyev və Yatimov hökumət nümayəndə heyətlərinin sərhədin delimitasiyası və demarkasiyası üzrə işçi qruplarına yekun sənədlərin rəsmiləşdirilməsi prosesinə başlamağı tapşırıblar.
Qırğızıstan və Tacikistan arasında dövlət sərhədinin uzunluğu 987 kilometrdir. Onun delimitasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir.