"Qarabağ"ın qələbəsini ən çox azarkeşlər haqq edirdilər".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarstan) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.
"Gərgin oyuna şahidlik etdik. Futbolçularımı təbrik edirəm, böyük nailiyyət qazandılar. Sanki uzun müddətdir stadionda bu cür atmosfer görmürdüm. Bu qalibiyyəti ən çox azarkeşlərimiz haqq edirdilər. Mən hər zaman açıq fikirli biri olmuşam, rəqib nə desə də, bu bizim üçün maraqlı olmayıb. Ağıllı olmaq çox vacibdir və daim futbolçularımla bu barədə danışıram", - Qurbanov qeyd edib.
O, Prezident İlham Əliyevin təbrikini sevinclə qarşıladığını bildirib:
"Prezident İlham Əliyev "Qarabağ"ı təbrik etdi. Bunu qürur hissi ilə qarşılayıram. Bir daha gördük ki, ölkə başçısı oyunlarımızı izləyir və bizə dəstək olur. Mən də öz növbəmdə bu qələbə münasibətilə Prezident İlham Əliyevi və ailəsini təbrik edirəm".
Qurbanov UEFA Çempionlar Liqasının oyunlarının hansı stadionda keçiriləcəyi ilə bağlı da məlumat verib:
"UEFA Çempionlar Liqasının oyunlarını hansı stadionda keçirəcəyimizə daha sonra qərar veriləcək. Hazırda Olimpiya stadionunda ot örtüyünün vəziyyətini bilmirəm".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" oyunu qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. Səfərdəki ilk matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı.
Anar Həsənov