ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycana müşahidəçi göndərməkdən imtina etməklə bir sıra ölkələrlə münasibətləri pisləşdirə bilər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov bəyan edib.
Azərbaycanın Milli Məclisinə seçkilər noyabrın 1-də keçiriləcək. Sentyabrın ortasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Link bildirib ki, ölkə hakimiyyəti tərəfindən müşahidəçilərin məhdud sayı səbəbindən qurum Azərbaycandakı Parlament seçkilərinə müşahidəçi missiyası göndərməyəcək.
“Düşünürəm ki, bu insident bir sıra ölkələrin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərinə ciddi təsir edəcək”, - Vladimir Çurov regionların seçki komissiyalarının sədrləri ilə keçirilən ümumrusiya müşavirəsində bildirib.
Daha öncə məlumat verildiyi kimi Azərbaycanın Mərkəzi Seçki Komissiyasında ölkədə keçiriləcək Parlament seçkilərini müşahidə edəcək 42 ölkədən olan 318 müşahidəçi qeydiyyatdan keçmişdi. Müşahidəçilər 27 beynəlxalq təşkilatdan göndərilib. Müstəqil Dövlətlər Birliyini Azərbaycanda 70-dən çox müşahidəçi təmsil edəcək.