Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında “Vestnik Kavkaza” nəşrinin müxbirinin sualına cavab olaraq, Rusiya və Azərbaycanın hazırda ikitərəfli münasibətləri fəal şəkildə inkişaf etdirdiklərini bildirib, Oxu.Az xəbər verir.
“Biz Azərbaycanla münasibətlərimizi dinamik inkişaf edən kimi qiymətləndiririk, Azərbaycan bizim təkcə siyasi yox, həm də iqtisadi və digər sahələrdə tərəfdaşımızdır. Bütün səviyyələrdə - ən yüksək səviyyədən, xarici işlər nazirləri səviyyəsindək humanitar əlaqələrədək çox fəal dialoq inkişaf edir”, - deyə, o, izah edib.
“Buna görə də, burada yalnız onu demək olar ki, biz bu münasibətlər səviyyəsinin qalacağına və daha da inkişaf edəcəyinə ümid bəsləyirik”, - deyə, Mariya Zaxarova vurğulayıb.
Rusiya XİN rəsmisi həmçinin qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına ümid edir və vasitəçi ölkə kimi bu məqamın yaxınlaşması üçün əlindən gələni edəcək.
“Dağlıq Qarabağ vəziyyətinə gəldikdə isə, siz bilirsiniz ki, Rusiya nizamlama prosesinə fəal şəkildə cəlb olunub və biz, mən deyərdim ki, bu sülh prosesinin çox məsuliyyətli iştirakçılarıyıq. Buna görə də, ondan çıxış edirik ki, bu vəziyyətin həllinin tez bir zamanda yaxınlaşması üçün əlimizdən gələni edirik və edəcəyik də”, -deyə, Mariya Zaxarova bildirib.