Azərbaycanın Moskvadakı səfirinin Rusiyada anti-Azərbaycan isterikasının qızışdırılması haqda bəyanatı əsassızdır və uydurma xarakteri daşıyır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
O bildirib ki, Moskvanın Qərbi Biryulevo rayonunda baş vermiş hadisələrlə bağlı Rusiya hakimiyyət orqanlarının rəsmi şərhlərində və KİV-in xəbərlərində milli aspektə işarə vurulmayıb:
“Cənab səfirin dedikləri bizdə təəccüb doğurdu. Bildirmək istəyirəm ki, Rusiya KİV-i və dövlət orqanları baş vermiş hadisə ilə əlaqədar milli münaqişəyə zəmin yaradacaq bəyanat səsləndirməyiblər. Rusiya dövlətinin müvafiq orqanları hər şeyi qanun çərçivəsində edirlər”.
A.Lukaşeviç Azərbaycanın Rusiyadakı səfirliyindən nota aldıqlarını təsdiqləyib: “Saxlanılan Azərbaycan vətəndaşına konsulluq dəstəyinin göstərilməsi tələbi ilə nota almışıq. Saxlanılan Azərbaycan vətəndaşı beynəlxalq razılaşmalar çərçivəsində notada tələb olunanlarla təmin olunacaq”.