Moskva sakini Yeqor Şerbakovun qətlində şübhəli sayılan Azərbaycan vətəndaşı Orxan Zeynalov ömürlük azadlıqdan məhrum edilə bilər.
Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhqiqat Komitəsinin Baş Təhqiqat İdarəsinin nümayəndəsi Sergey Stukalov bəyan edib.
Rusiya ombudsmanı Vladimir Lukin isə hüquq-mühafizə orqanlarını Yeqor Şerbakovun qətli ilə bağlı obyektiv araşdırma aparmağa çağırıb.
O bildirib ki, məhkəmənin qərarına qədər qətldə şübhəli sayılan Orxan Zeynalova münasibətdə günahsızlıq prezumpsiyası qüvvədədir:
“Birincisi, Orxan Zeynalovun tutulma səhnəsinin Rusiya KİV-lərində nümayiş etdirilməsini düzgün saymıram. Ümid edirəm ki, istintaq obyektiv olacaq. Orxan Zeynalov şübhəli şəxsdir, ancaq onun nə dərəcədə günahkar olub-olmamasını məhkəmə müəyyənləşdirəcək. Digər tərəfdən, bu hadisə ilə faktiki eyni vaxtda Azərbaycan və Özbəkistan vətəndaşı olan iki şəxs öldürülüb. Ümid edirəm ki, Rusiya hüquq-mühafizə orqanları bu cinayətlərin açılmasına da eyni həvəslə yanaşacaqlar”.
Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gənci öldürməkdə şübhəli sayılır (İTAR-TASS).