Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Daşkənd və Bakı arasında xüsusi dostluq münasibətlərinin olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin və ailəsinin Özbəkistana son səfərini şərh edərkən yazıb.
"Ölkələrimizi xüsusi dostluq münasibətləri bağlayır. Bu, yalnız dövlətlərarası münasibətlərdə deyil, xalqlarımızın bir-birinə göstərdiyi səmimi münasibətdə də özünü göstərir. Tariximizdə, mədəniyyətimizdə və adət-ənənələrimizdə çoxlu ortaq cəhətlər var. Bu gün isə bunlara infrastrukturdan tutmuş investisiyalara qədər ən müxtəlif sahələrdə yeni birgə layihələr əlavə olunur", - deyə Mirziyoyeva vurğulayıb.
Səidə Mirziyoyeva bildirib ki, Azərbaycan liderinin səfəri iki ölkə arasındakı münasibətlərdə daha bir mühüm səhifə açıb. O qeyd edib ki, imzalanmış "Əbədi dostluq haqqında Müqavilə"nin adı bu gün Özbəkistanla Azərbaycanı birləşdirən münasibətləri çox dəqiq ifadə edir.
"Azərbaycanlı dostlarımızı Özbəkistanda görməkdən məmnunuq. Sizi hər zaman gözləyən ölkəyə xoş gəlmisiniz", - deyə o əlavə edib.