Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın Tavuş vilayətinin ərazisindən keçən Berd – İcevan yolunu intensiv atəşə tutublar.
İnsident oktyabrın 22-də, yolun Paravakar sahəsində baş verib. Açılan atəş nəticəsində düşmən tərəfdə həm mülki, həm də hərbi maşınlarda olan şəxslər xəsarət alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə axşamı “Novosti Armeniya” Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.
Məlumata görə, erməni şəxsi heyətini döyüş növbətçiliyinə aparan hərbi maşınlar kolonu istiqamətində açılan atəş nəticəsində əsgər Qarik Poqosyan (1994-cü il təvəllüdlü) həlak olub.
Daha üç erməni əsgəri – Artur Andranikyan (1994), Araik Jamxaryan (1994) və Martin Petrosyan (1994) yaralanıblar.
Ermənistanın Müdafiə Nazirliyi bəyanatla çıxış edib və Azərbaycanı cavab tədbirləri görəcəyi ilə hədələyib.