"Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda qəti və ardıcıl siyasət həyata keçirir".
"Report" xəbər verir ki, bunu rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Moskvada azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Regionda sülhün bərqərar olması istiqamətində səylərə toxunan politoloq Azərbaycan hökumətinin fəaliyyətini müsbət qiymətləndirib.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən erməni xalqı ilə də münasibətlərdə formalaşdırdığı qəti və ardıcıl siyasətə çox nikbin baxıram. O, həmişə Azərbaycanın sülh istədiyini deyir", - M.Şevçenko vurğulayıb.
Politoloq Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə də toxunaraq bildirib ki, RF regionun başqalarının oyun alətinə çevrilməsini istəmir.
"Rusiyanın mövqeyi tamamilə dəqiq və aydın şəkildə ifadə olunub. Biz regionun Qərb satellitləri və agentlərinin oyun alətinə çevrilməsini istəmirik. İstəyirik ki, Cənubi Qafqaz dövlətləri və xalqları öz aralarında razılığa gəlsinlər, ortaq dil tapsınlar, mehriban qonşuluq münasibətləri qursunlar. Cənubi Qafqazın Qərb siyasətçilərinin müharibə və nifrəti alovlandırdıqları yer olmasını istəmirik", - o qeyd edib.
"Azərbaycanın siyasəti hamı ilə - Mərkəzi Asiya dövlətləri, Rusiya Federasiyası, Cənubi Qafqazdakı qonşular və digərləri ilə ədalətli və bərabərhüquqlu qarşılıqlı əlaqələrə nail olmağa yönəlib", - Şevçenko bildirib.
Politoloqun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri dövlət başçıları arasında çox konstruktiv və əhəmiyyətli dialoq əsasında qurulur.
"Mən Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında da daimi dialoqun olduğunu görürəm. Yayda Şuşa media forumunda olmuşam, Özbəkistan, Qırğızıstan və regionun digər ölkələrinin dəstəyi ilə tikilmiş müxtəlif obyektləri görmüşəm. Bu, tərəfdaşlığın və həmrəyliyin çox ciddi insani komponentidir, buna görə də mən Azərbaycanın postsovet məkanı dövlətləri arasında dialoq və inkişaf strategiyasının qurulmasında oynadığı konstruktiv rola böyük hörmətlə yanaşıram", - M.Şevçenko qeyd edib.
Politoloq "Report"un sualını cavablandırarkən qeyd edib ki, onun fikrincə, Rusiyanın Ermənistan ərazisində hərbi bazasını saxlamasının heç bir mənası yoxdur.
"Oradakı hərbi baza Rusiyaya qətiyyən lazım deyil. O, yalnız problemlər yaradır və hər hansı bir təsirə malik olmağa imkan vermir", - o qeyd edib.
Politoloq bunu Rusiya Federasiyasının region ölkələri ilə normal münasibətlər qurması ilə izah edərək, Moskva ilə Bakı arasında münasibətlərin xüsusi rolunu vurğulayıb.
"Bizim Azərbaycanla iki prezident arasında şəxsi və hərtərəfli dialoqa əsaslanan əla münasibətlərimiz var", - M.Şevçenko bildirib.
M.Şevçenko bildirib ki, o, Ermənistanın qonşu dövlətlərlə münasibətlərin qurulması kontekstində Rusiya üçün rolunun nədən ibarət olduğunu başa düşmür.
"Ermənistan ərazisindən heç bir marşrut keçmir, ona görə də mən Ermənistanın Rusiya üçün hansı strateji əhəmiyyətindən söhbət getdiyini anlamıram. Fransaya gəlincə, başa düşürəm ki, onlar Ermənistanda fransızyönümlü təbəqəyə arxayındırlar və Qafqazda sabitliyi pozurlar, Moskva isə əksinə, regionda vəziyyəti sabitləşdirməyə çalışır", - politoloq vurğulayıb.
M.Şevçenko qeyd edib ki, Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması strateji vəzifədir.
Onun sözlərinə görə, Ermənistan özünü hamının ona borclu olduğu bədbəxt kimi qələmə verməməli və regionda hamı ilə yola getməyi öyrənməlidir.