Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransı təsis edilib - FOTO
2023-cü il oktyabrın 19-da Şuşa şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu barədə Ali Məhkəmə məlumat yayıb.
Türkdilli dövlətlərin Ali Məhkəmələrinin sədrlərinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov qonaqları “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. Sədr bildirib ki, Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycanın memarıdır. Ulu öndərin fəaliyyəti Azərbaycanla məhdudlaşmır, beynəlxalq aləmdə böyük nüfuza malik dahi şəxsiyyət türk dünyasında, eləcə də qlobal proseslərdə də müdrik siyasəti ilə böyük iz qoyub. Fəaliyyəti dövründə hər zaman türk dövlətləri ilə əlaqələrinin inkişafına xidmət edən layihələrin təşəbbüskarı, təşkilatçısı olub. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Türk dünyası böyük bir ailədir” deyən ölkə Prezidenti İlham Əliyev türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir.
Hazırda dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlər və onların məhkəmə sistemləri qarşısında yeni çağırışlar meydana gəldiyini deyən İnam Kərimov bildirib ki, bu çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması və innovativ texnologiyaların tətbiqi, məhkəmə-hüquq sistemləri arasında əlaqələrin genişləndirilməsi zamanın tələbidir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin məhkəmə orqanları arasında əlaqələrin genişləndirilməsi, ümumi maraq doğuran məsələlər üzrə fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonra Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca çıxış edərək bildirib ki, Azərbaycanda siyasi birliyi təsis edən dünya şöhrətli Heydər Əliyev türk dünyasının birliyi üçün də mühüm xidmətlər göstərib. Qeyd edilib ki, məhkəmə sistemini müasir dövrün yenilikləri ilə uyğunlaşdırmaq çox vacibdir. Burada hüquq təhsilindən məhkəmədə şəffaflığın təmin edilməsinə qədər geniş bir prosesi dəyərləndirmək lazımdır. Bu baxımdan türkdilli dövlətlərin qarşılıqlı şəkildə öyrənəcəyi bir çox məsələlər var. Mehmet Akarca Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasının əhəmiyyətinə toxunaraq, məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün faydalı olacağına əminliyini vurğulayıb.
Qazaxıstan Respublikasının Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev isə çıxışında Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması barədə təşəbbüsü məmnuniyyətlə qarşıladıqlarını bildirib. Qeyd edilib ki, bu konfrans məhkəmə işinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin və məhkəmə inzibatçılığının səmərəliliyinin təmin edilməsi və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilməlidir. Konfrans əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək və dövlətlər arasında qarşılıqlı fəaliyyətin mühüm tərkib hissəsinə çevriləcəkdir.
Sonra Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit çıxış edərək, müasir dövrdə məhkəmə işlərinə operativ baxılması və süni intellektin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. Qeyd edilib ki, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması təşkilata üzv ölkələrin məhkəmə sistemini daha yaxından tanımağa imkan verəcək, inteqrasiya və əməkdaşlığı gücləndirəcək.
Özbəkistan Respublikasının Ali Məhkəməsi sədrinin birinci müavini Robaxon Maxmudova çıxış edərək, deyib ki, son illər Özbəkistan-Azərbaycan münasibətləri dostluq və strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edir, bunun mühüm əsasını ölkələrimizin rəhbərləri arasında müntəzəm təmas təşkil edir. Bu kontekstdə məhkəmə orqanlarımız arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədilə Özbəkistan Respublikasının Ali Məhkəməsi Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılması təşəbbüsünü böyük məmnunluqla qəbul edib. Bildirilib ki, Şuşa Bəyannaməsinin imzalanması və bugünkü konfransın keçirilməsi məhkəmə-hüquq sisteminin inkişafı ilə bağlı fikir və qabaqcıl təcrübə mübadiləsinə xidmət edəcək.
Sonra Qırğızıstan Respublikasının Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekov çıxışında təmsil etdiyi ölkənin məhkəmə sistemi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. O qeyd edib ki, Qırğızıstanda məhkəmə sisteminin rəqəmsallaşdırılması üzrə işlərin təşkilində türk dövlətlərinin təcrübəsinin öyrənilməsi çox faydalı olacaq.
Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin sədri Narin Ferdi Şefik rəhbəri olduğu məhkəmənin fəaliyyəti barədə danışıb. O da həmkarlarının fikirlərinə qatılaraq, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının yaradılmasınnın zəruriliyini və üzv ölkələrin məhkəmə sisteminə verəcəyi faydalardan danışıb.
Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sədi Cəfərov isə çıxışında təmsil etdiyi təşkilatın türk dövlətləri arasında siyasətdən tutmuş iqtisadiyyata, enerjiyə, nəqliyyata, turizmə, təhsilə, gənclərə, idmana qədər fərqli sahələrdə əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün səylərini davam etdirdiyini qeyd edib. Bildirilib ki, bu gün təsis edilən yeni əməkdaşlıq formatı türk ölkələri arasında müvafiq sahədə qabaqcıl təcrübə mübadiləsini təmin edəcək, müxtəlif müştərək layihələrin həyata keçirilməsinə, eləcə də birgə təlim proqramlarının həyata keçirilməsinə zəmin yaradacaqdır.
İnam Kərimov yekun nitq söyləyərək, konfrans iştirakçılarına təşəkkürünü bildirib.
Daha sonra Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi ilə bağlı Şuşa Bəyannaməsinin imzalanma mərasimi baş tutub.
Sonda xatirə fotosu çəkilib.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Aliment borcunun silinməsi ilə bağlı Ali Məhkəmədən mühüm QƏRAR
- Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
- Azərbaycanda ilk dəfə olaraq vahid "Məhkəmə Çağrı Mərkəzi" istifadəyə verilib