Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşlarındandır. Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz ikitərəfli sazişlərimizi həyata keçirmək üzrəyik. Bu baxımdan strateji əməkdaşlıq sazişi mühüm rol oynayır”, - deyə o, söyləyib.
Tusk həmçinin bəyan edib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir.
“Biz ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həllini tapacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik. Münaqişənin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində aparılan Minsk prosesini dəstəkləyirik”, - deyə D.Tusk qeyd edib.
Tusk həmçinin qeyd edib ki, Aİ insan hüquqları və fundamental azadlıqlara xüsusi əhəmiyyət verir:
“Avropa İttifaqı hesab edir ki, vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır”.
D.Tusk Azərbaycan prezidenti ilə insan hüquqlarının müdafiəçiləri ilə bağlı məsələni də müzakirə etdiyini qeyd edib:
“Biz burada insan hüquqları müdafiəçiləri ilə bağlı məsələni müzakirə etdik. Bir sıra hallarla bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu bizim qarşılıqlı surətdə faydalı əməkdaşlığımıza xidmət edən məsələ ola bilər.”
Aİ prezidenti əlavə edib ki, bu istiqamətdə birgə addımlamaq tərəfdaşlıq maraqlarına uyğundur.