Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 26-27-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sonra V.Eyvazov Şəhidlər xiyabanına gedərək bir il öncə Gəncə şəhərində ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısı alınan zaman xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş polis zabitləri - İlqar Balakişiyevin və Səməd Abbasovun, digər şəhidlərin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Daha sonra nazir Baş Polis İdarəsində Gəncə də daxil olmaqla respublikanın Qərb bölgəsinin 10 şəhər və rayonundan, eyni zamanda, həmin zonada məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbul üçün müraciət edən 49 vətəndaş ilə görüşüb. General-polkovnik V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Tədbirdə iştirak edən şəxslər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ şəkildə münasibətə və həssas yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıq ediblər, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.
Gəncəyə səfərinin sonunda nazir, general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının bu şəhərdə yerləşən hərbi hissəsinə gələrək şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə yaxından tanış olub, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə maraqlanıb.
Sonra nazir hərbi hissənin meydanında hərbi qulluqçuların fiziki və döyüş hazırlığının yoxlanılması məqsədilə keçirilən təlimləri izləyib, əldə olunan nəticələrdən razılığını bildirib.
Şəxs heyət qarşısında çıxış edən Daxili İşlər naziri V.Eyvazov ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib, möhtərəm dövlət başçımızın ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatın, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb.
Daxili Qoşunların ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olduğunu diqqətə çatdıran nazir şəxsi heyətin ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakını, yüksək peşəkarlığa, döyüş və mənəvi-psixoloji hazırlığa malik bir quruma çevrildiyini məmnunluqla bildirib.
Görülən işləri yüksək qiymətləndirən, konkret tapşırıq və tövsiyələrini verən Daxili İşlər naziri hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.