ABŞ kimi böyük dövlətdə prezidentliyə iki namizəd olur. Hansı ki, bu ölkənin 200 milyondan çox əhalisi var. 9 milyonluq əhalisi olan Azərbaycanda isə prezidentliyə 20 namizəd var. Təbii ki, bu, ölkəmizdə demokratik inkişafın yüksək səviyyədə olmasının göstəricisidir.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycanın xalq şairi Fikrət Qoca deyib.
F.Qoca bildirib ki, bütün siyasi partiyalara, ictimai birliklərə fəaliyyətlərini normal şəkildə qurmaları üçün hər cür şərait yaradılır:
“Bu gün namizədlər arasında müxətlif siyasi partiyaların təmsilçilərini olması da bu reallıqdan irəli gəlir. Bir həqiqəti unutmayaq ki, ölkəyə rəhbərlik böyük dövlətçilik təcrübəsi, böyük məsuliyyət tələb edir. Ölkəsinin bu gününü, gələcəyini düşünən rəhbər təbii ki, fəaliyyətini gündəlik proqram əsasında qurur.
Bu böyük məsuliyyəti üzərinə götürmək üçün ona hazır olmaq lazımdır. 20 namizədin hər birinə hörmətlə yanaşıram. Amma reallığa yüksək dəyər verirəm. Reallıq Azərbaycanın bugünkü inkişafıdır. Bu inkişafı, tərəqqini ölkəmizə yaşadan isə dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətidir. Namizədliyini irəli sürən hər kəs ölkəni yaxşı dolandırmaq bacarığından danışır. Azərbaycan demokratik ölkədir. Hər kəs öz fikrini sərbəst, azad söyləmək imkanına malikdir. Hər kəsin fikirlərinə hörmətlə yanaşılır. Amma təbii ki, namizədliyini irəli sürən şəxs bu ölkə, xalq üçün nə işlər gördüyünü də düşünməlidir. Bu, mənim fikrimdir.
Prezident İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Açıq cəmiyyətdə yaşayırıqsa, demokratiyadan danışırıqsa, hər kəsin irəli sürülən namizəd haqqında öz fikirlərini sərbəst söyləmək imkanı vardır. Bunu da normal qəbul etmək lazımdır. Müxalifət ölkədə demokratik şəraitin olmamından gileylənir. Amma kimsə hansısa namizədin ünvanına reallığa uyğun olaraq müsbət fikirlər səsləndirirsə, dərhal onu tənqid edir, hay-küy qoparırlar. Bu, artıq demokratiya deyil”.