Məhkəmə olmadan Orxan Zeynalovu cinayətkar adlandırmaq və onunla kobud rəftar etmək təqsirsizlik prezumpsiyasının pozulmasıdır.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
Onun sözlərinə görə, bu məsələ öz hüquqi əsasını tapmalıdır:
“Azərbaycan və Rusiya arasında konsulluq konvensiyası var və bütün məsələlər bu sənəd əsasında tənzimlənməlidir".
E.Abdullayev qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfirliyi saxlanılan Orxan Zeynalova zəruri konsulluq dəstəyi göstərəcək:
“Azərbaycan XİN Moksvadakı diplomatik missiyaya müvafiq tapşırıq verib”.
XİN rəsmisi deyib ki, səfirlik artıq Rusiya tərəfinə O.Zeynalovla görüşün təşkil edilməsi ilə bağlı müraciət edib və cavab gözləyir:
“Mövcud insident məişət zəminində törədilib və Rusiya KİV-də bu məsələnin şişirdilməsi də təqsirsizlik prezumpsiyasının pozulmasıdır”.
Onun sözlərinə görə, Rusiyadakı səfirlik bu günlərdə Moskvada Azərbaycan vətəndaşı Ruslan Qaraxanlının qətlini də araşdırır.