Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinə və Azərbaycana aid olan strukturlara Rusiyanın raket hücumu nəticəsində bir neçə dəfə ziyan dəyməsi faktları raket hücumlarının məqsədli olması barədə suallar yaradır.
Oxu.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında yer alıb.
Bildirilib ki, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu XİN-ə çağırılan Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.