Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər və irəli sürdüyü vəzifələrlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının "Heydər Əliyev prospekti 121" ünvanı üzrə ərazi partiya təşkilatında həsr olunmuş tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə YAP-dan bildirilib.
Qeyd olunub ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Nərimanov rayon təşkilatının "Heydər Əliyev prospekti 121" ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hafiz Zeynalov VIII Qurultayın YAP-ın siyasi həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Qurultayda müəyyənləşdirilən strateji prioritetlərin həyata keçirilməsinin, partiyanın ideoloji əsaslarının daha da möhkəmləndirilməsinin və üzvlərin ictimai-siyasi fəallığının artırılmasının vacibliyini qeyd edib.
Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin siyasi əhəmiyyətindən bəhs edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev qarşıya qoyulan vəzifələrin ölkəmizin inkişaf strategiyası və partiyanın gələcək fəaliyyəti baxımından mühüm istiqamətlər müəyyənləşdirdiyini bildirib. O, dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin gücləndirilməsi, partiya üzvlərinin məsuliyyətinin artırılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov çıxışında VIII Qurultayın siyasi və ideoloji əhəmiyyətini şərh edib. O, müasir informasiya mühitində milli maraqların müdafiəsinin, ideoloji təhlükəsizliyin təmin olunmasının və dövlətçilik mövqeyinin ardıcıl şəkildə təbliğinin vacibliyini vurğulayıb.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və SOCAR Aparatının İnzibati işlər departamentinin əməkdaşı Xavər Nuru-Sultanova Qurultaydan irəli gələn vəzifələr, partiyanın cəmiyyətdəki rolu və yeni dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüblər.
Çıxışlarda siyasi həmrəyliyin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, informasiya təxribatlarına qarşı mübarizənin gücləndirilməsi və dövlət siyasətinin uğurlarının ictimaiyyətə çatdırılması məsələlərinə xüsusi diqqət yetirilib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.