Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştiraka cəlbetmə ilə bağlı məsuliyyət müəyyənləşib.
“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilib.
Belə ki, daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər.
Bununla bağlı, həmçinin “Polis haqqında”, “Ümumi təhsil haqqında” qanunlara da müvafiq dəyişikliklər edilib.