Bu gün biz, Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə Nazirləri üçtərəfli formatda ilk görüşümüzü keçirdik. Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırdıq.
Oxu.Az xəbər verir ki, bunu Naxçıvanda Gürcüstan, Türkiyə və Azərbaycanın müdafiə nazirlərinin üçtərəfli görüşündə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.
Nazirin sözlərinə görə, görüş zamanı 3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanıb
“Biz bu formatda münasibətlərimizin gələcək perspektivlərini müzakirə etdik, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi apardıq”.
Nazir qeyd edib ki, bu formatda danışıqların genişləndirilməsi və Müdafiə Nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığımızın gedişatının müzakirə edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi barədə qərar qəbul edilib.
“3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunub”.