Apr
2019
16:15
296
45
6320
Virtual karabakh

Biz düzələn deyilik?

6 Apr, 2019
16:15
6320

Biz düzələn deyilik?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

“Nə isə xoşuna gəlmirsə, onu dəyiş. Dəyişmək istəmirsənsə, deməli, səni qane edir”.

“Biz düzələn deyilik?” - bu ifadəni tez-tez eşidirik, yəqin ki, çoxunuz deyirsiniz. Bu sözləri deyəndə bütün xalqı nəzərdə tuturlar. Görəsən, niyə biz özümüzə inanmırıq? 

Bəlkə, biz buna layiq deyilik? Əsla! 

Əvvəllər mən də eyni sözü deyirdim. Amma baxışım altı il öncə dəyişdi. Keçirdiyim ağır motosikl qəzasından sonra əlil kürsüsündə dörd ay keçirmək məcburiyyətində qaldım. Amma aktiv həyata öyrəndiyim üçün evdə otura bilmirdim. Ona görə bu vəziyyətdə istədiyim yerə gedirdim. Bəlkə, heç zaman fikir verməmisiniz (öncələr mən də görmürdüm), amma Bakı tək küləklər şəhəri deyil, həm də pilləkənlər şəhəridir. Onda ciddi bir maneə ilə qarşılaşdım, çünki pilləkənləri aşmaq, “Badımcan” taksiyə oturmaq və sairə yerlərə təkbaşına çıxmaq mümkün deyildi. Amma bu hadisə mənə daha bir şey göstərdi - ətrafdakı insanların mehribanlığı və xeyirxahlığı… Mənə hər yerdə kömək göstərilirdi. Özü də yaşından, səviyyəsindən, maliyyə vəziyyətindən asılı olmayaraq, hər kəs. Mən bunu görəndə çox təsirləndim və xalqımızın nə qədər açıqürəkli, mehriban və qayğıkeş olduğuna şahid oldum. Həmin günü bu qeyri-adi hisslərimi “Facebook”da status şəkilində paylaşdım. Elə bil ki, xalqımızın tərifinə ac qalmışdıq. Çoxlu şərhlərdə hərə başına gələn xoş hadisələri bölüşdü.

Başqa bir hadisə danışım. 2002-ci ildə həmkarım Natiq Zərbəliyevlə Paris avtomobil sərgisinə getmişdik. Hotelimiz şəhər kənarında idi və oraya avtobusla 20 avroya gedirdik. Günün bir günü avtobusa minəndə baxdım ki, nağd olaraq cəmi 19 avro 50 sent pulum var, qalanı kartımdadır. Sürücü bizi avtobusdan düşürdü ki, olmaz. Onu da anlayıram, işidir. Yorulmuş, axşam vaxtı, bankomata kimi iki kilometr piyada gedib-qayıtdıq. İndi isə təsəvvür edin ki, Azərbaycanda belə bir hadisə olsaydı, ən azından sürücü 1 manatı keçərdi, bəlkə də, heç pul götürməzdi ki, cibinizdə nağd pul qalsın. Deyilmi? Yəqin ki, belə hadisələrlə hamımız qarşılaşmışıq, siz belə etməzdinizmi?

Əslində, azərbaycanlılar düşündüyünüz kimi deyil, çox xeyirxah, xoşməramlı, çətin anda əl tutan, qonaqpərvər xalqıq, ancaq dəyərimizi bilmirik. Bilirsiniz niyə? Çünki “Biz düzələn deyilik?” deyə düşünürük, özümüzü tənqid atəşinə tuturuq və bir-birimizə düşmən kəsilirik. 

İndi isə mən sizə “düzələrik” nümunələrini göstərim və sübut edim ki, niyə bu yanlış ifadədir.

15 il əvvəl piyada keçidində yol verən avtomobil yox idi. Yenə də deyirdilər ki, “Biz düzələn deyilik!” Amma neçə illərdir ki, yolüstü piyada keçidlərində piyadaya yol vermək normal hal sayılır. Bəzən hətta keçid olmayan yerlərdə belə. Qanunla piyada keçidinin qarşısında maşının qəza işıqlarını yandırmaq lazım deyil. Bu arxadan gələn avtomobilin sürücüsünə “Ehtiyatlı ol” işarəsidir. Bu da ətrafadakılara qayğı deməkdir.

Təhlükəsizlik kəmərlərini 10 il əvvəl taxan yox idi. Bu gün nəinki sürücü, hətta öndə oturan sərnişin də istifadə edir. Yəqin ki, bir ilə arxadakı sərnişinlər də edəcək (Bu məsələ barədə gələn dəfə yazacağam).

Mənim universitetdə oxuduğum illərdə imtahan, “zaçot”ları pul hesabına verirdilər. Artıq bu da keçmişdə qaldı. Yeni özəl ali məktəblər yarandı, dövlət uninversitetlərində də hər şey dəyişdi. Amma heç kim inanmırdı.

Nə vaxtlarsa hər hansı sənədi almaq, yaxud dəyişmək üçün saatlarla növbədə dururduq, kimlərdənsə tapşırmağı xahiş edirdik, hələ “hörmət” də edirdik. Amma yeddi ildir ki, “ASAN xidmət” var. Orada sənədləşmə işlərini etmək bu gün normal bir prosesdir. Deyilmi? Siz buna 10 il əvvəl inanardınız?

Bu yaxınlarda şəxsiyyət vəsiqəsini dəyişmək üçün bir gün öncə onlayn növbə aldım, təyin olunan vaxtda getdim, cəmi 15 dəqiqə vaxt sərf edib sənədləri verdim, 10 gündən sonra isə üç dəqiqə ərzində aldım. 

Gömrük, Vergi orqanlarında dəyişiklər baş verir. Artıq “kölgə iqtisadiyyatı”nın qarşısı alınır, yeni vergi məcəlləsi sahibkarların fəaliyyətini daha da asan edir. Buna da alışacağıq, eyni “ASAN xidmət” kimi. 

Qarşıda dəyişməli çox şey var, dəyişəcək də, istəsək də, istəməsək də. Bu yolu bütün inkişaf etmiş ölkələr keçib. Bunu mənə 25 il əvvəl İstanbulda təhsil alarkən, sonra isə Bakıda Avropadan olan əcnəbi ekspertlər görüşlər zamanı deyirdilər. O zaman mən də düşünürdüm ki, “görəsən, biz düzələcəyik?” 

Bəs bunların düzəlməsi üçün nə lazımdır?

Əlbəttə ki, hər kəs ilk növbədə özündən başlamalıdır. Elə bu gün başlayın. Məsələn, küçələrə zibil atmayın. Uzun illər öncə eşitdiyim bir sosial reklamda “Şəhəri zibilləməyin, axı o sizin sifətinizdir!” çoxmənalı ifadəsi yadımda qalıb. Zibil atıb, sonra da şikayətlənirlər ki, “Bu nədir, hər yer çirklidir! Biz düzələn deyilik!” 

Yollarda qaydalara riayət edin, bu, həm sizin, həm də ətrafdakıların təhlükəsizliyidir. Bir də əzab-əziyyətlə qazandığınız pulları niyə cərimələrə ödəyəsiniz axı? Bəlkə, pulunuz çoxdur? Pulu çox olanlar xəsis olurlar. Əgər cərimələrə boş yerə pul xərcləyirsinizsə, deməli, zəhmətinizə, habelə özünüzə hörmət etmirsiniz. 

Orta və ali məktəblərdə təhsilə diqqət yetirin, oxuyun, savadlı olun. Əgər həvəsiniz və ya istəyiniz yoxdursa, heç vaxtınızı boş yerə sərf etməyin, peşə məktəbinə gedib, sevdiyiniz peşəyə yiyəylənin. Bu da sizin əlinizdədir. 

Müştərini aldatmayın ki, sizi də aldatmasınlar. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına.

İnsan uğursuzluq qarşısında aciz qalanda günahkar, yaxud səbəb axtarır. Bu, normal insan psixologiyasıdır. Bizdə isə deyirlər ki, “Əşi, biz düzələn deyilik!”, yəni günah məndə deyil, hamı belədir, ona görə mən də hamı kimi edəcəyəm. Uğursuzluq isə ilk növbədə özünə inamsızlıqdan irəli gəlir. 

Altı il öncə, bir şeyi anladım ki, həyatımızı özümüz təyin edirik. Əgər istəsək, hər şeyə nail ola bilərik. Mən bunları anlamaq üçün çətin yol keçdim, başım daşdan daşa dəydi. Sizə də deyirəm ki, biləsiniz, həyatdan “şapalaq” yeyə-yeyə qavramayasanız.

Mən deyirəm ki, biz düzələnik, düzələyəcəyik də! İstəsəniz də, istəməsəniz də. Amma yaxşısı odur ki, inanıb, hərə özündən başlasın. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri