26 
May
2019
20:30
48
184
5713
Virtual karabakh

Kosmopolitizm – qılıncla balıncın nikahı: “Ubi bene, ibi patria”

26 May, 2019
20:30
5713

Kosmopolitizm – qılıncla balıncın nikahı: “Ubi bene, ibi patria”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

Tibb elmində adına “Refidinq sindromu” deyilən bir diaqnoz var. Səhv etmirəmsə, ABŞ-Vyetnam müharibəsində aclıq çəkən vyetnamlı uşaqlara humanitar təşkilatlar helikopterlərlə göydən hazır qida məhsulları - kekslər, şokoladlar, peçenyeler və s. atırlar. Bu qidaları aşağıda sevinə-sevinə gözünə təpən ac uşaqlar aclıqdan xilas olmaq əvəzinə bir-bir ölməyə başlayırlar; ağızlarında da yarımçıq qalmış şokoladlar. Yerdəkilər şübhələnirlər ki, göydəkilər bizi zəhərlədilər. Ancaq sonra ölən uşaqların autopsiyası zamanı üzə çıxır ki, onlar göydən yağan peçenyelərdən deyil, “refidinq sindromundan” ölüblər. Bu sindromun qısa izahı budur ki, orqanizm uzun müddət ac qaldıqda metabolizma prosesi xeyli zəifləyir və birdən-birə qida qəbul etdikdə zəifləmiş bədən həzmetmə prosesi üçün səfərbər olur, nəticədə, gücdən düşmüş orqanizmdə orqan çatışmazlığı baş verir və ölüm reallaşır. 

Uzun illər totalitar sistemlərdə yaşamış cəmiyyətlər də belədir: onlara demokratiyanı, söz və fikir azadlığını, insan haqq və hüquqlarını birdən-birə verdikdə onlar bu insani dəyərləri sevinə-sevinə gözlərinə təpib doymaq, xilas olmaq istəyirlər, ancaq uzun illər azadlıq aclığı çəkdiklərindən gücdən düşmüş “orqanları” bu dəyərlərin həzminə kömək edə bilmir və bu “dəyərləri” onların parçalayan əllərindən alıb “həkim nəzarətində” yenidən paylamadıqda bu cəmiyyətlər, bu xalqlar tarixin xarabalıqları arasında “xoşbəxt cəsədlər” kimi səpələnib qalırlar. Ağızlarında da tam çeynəyə bilmədikləri insan haqları...

Bizim cəmiyyətin də 70 illik totalitarizm “təcrübəsi” var, uzun illər “azadlıq aclığından” əziyyət çəkib və indi “öz başının öz əlində olduğu” günümüzdə onun əlinin altındakı dünyəvi dəyərlərlə necə davranması həyati əhəmiyyətli məsələdir. Gözünəmi təpəcək, Süleymanın qarışqası kimi çoxunu dar günəmi saxlayacaq, yaxud milli şüurunun diktə etdiyi “dəyər mənimdirsə, belə selə verirəm” qurbanəlibəyliyi ilə sağa-solamı xərcləyəcək, onu tarix göstərəcək. Ancaq görünən o ki, cəmiyyətimiz azadlığını hələ “gözünə təpməklə” məşğuldur. Onun “kağızını soymadan” “gözünə təpdiyi” dünyəvi dəyərlərin biri də kosmopolitizmdir.   

Kosmopolitizm anlayışının 2500 ildən artıq yaşı var. İlk dəfə termin olaraq eramızdan əvvəl isgəndəriyyəli yəhudi mənşəli filosof Filon tərəfindən ortaya atılıb; kosmopolit insan - “dünya vətəndaşı” kimi tərcümə olunur. Filon bütün yunan fəlsəfəsinin Musa peyğəmbərin Tövratından yarandığını söyləyirdi, Platonu Musanın şagirdi hesab edirdi. İsgəndəriyyə yəhudilərinə imtiyazlar qoparmaq üçün onun Roma imperatoru Kaliqula ilə görüşdüyü də tarixə bəllidir. Filonun yaşadığı dövr yəhudi kralı Böyük Herodun və oğullarının hakimiyyət illərinə düşür ki, bu dövr tarixdə Yerusəlimin “qızıl dövrü” kimi xarakterizə olunur. Ancaq həmin dövrdə yəhudilərlə yunanlar arasında Roma vətəndaşlığı uğrunda gərgin mübarizə gedirdi və bu mübarizə axırda, eramızın 66-cı ilində yəhudi baş rahibinin yunanlar tərəfindən öldürülməsi və yəhudilərlə yunanların bir yerdə yaşadığı şəhərlərdə qanlı qarşıdurmaların baş verməsi ilə nəticələndi.

Filon isə bu qanlı hadisələrdən cəmi 16 il əvvəl ölmüşdü. Yəhudi filosof Filonun bütün ellin mədəniyyətini Tövrata bağlamasında, bəlkə də, bir az da millətçilik duyğusu vardı. Yəni ilk dəfə kosmopolit terminini fəlsəfəyə gətirən filosofun özü belə kosmopolit deyil, yəhudi millətçisi idi.

Kosmopolitizmə aid ən qədim hadisə də eramızdan əvvəl IV əsrdə sərhədləri qərbdə Balkan yarımadasına, şərqdə Hindistana, cənubda Misir və Afrikanın bir hissəsinə, şimalda Qara dənizə dirənən Makedoniyalı İsgəndərin imperiyasının ərazisində baş verib.

Qavqamel döyüşündən sonra İsgəndər məğlub etdiyi Persiya şahı III Daranın qızı Satira və III Artakserksin qızı Parisatida ilə evləndi və qədim Suz şəhərində çaldırdığı toyda on min yunan əsgərinə də əsir alınmış fars qızları ilə nikaha girməyi əmr etdi.

Dövrün iki böyük “ellin və fars” mədəniyyəti o gün yatağa girdi. İsgəndər dünyanı təkcə qılıncın sərtliyi ilə deyil, həm də balıncın yumşaqlığı ilə ellinləşdirmək, eyniləşdirmək istəyirdi.

Bundan sonra həmişə belə olacaqdı; güclülər zəifləri həm də yorğan-döşəkdə kosmopolitizmə məruz qoyacaqdılar, işin “kosmik” tərəfi oğlan evi, “polites” tərəfi isə qız evi olacaqdı. Kosmopolitizmdə qılıncı olan balıncı olanı bağrına yox, altına basacaqdı.

Kosmopolit insan kimdir? Məncə, bu insan növünün ən yaxşı tərifini italyan inqilabçısı Cuzeppe Mazzini verib:

“Kosmopolit insan - sərhədlərini dərk edə bilmədiyi sonsuz bir dairənin mərkəzində tək-tənha qalan insandır və bu dairə onun ətrafında getdikcə genişlənir. Kosmopolit insan o şəxsdir ki, haqları və hüqüqları tapdalandıqda mübarizə aparmağı və ölməyi axmaqlıq hesab edir, (çünki onun özündən qiymətli dəyəri yoxdur) əksinə, o eqoistlərin tezisi olan “Ubi bene, ibi patria” (Mənə harada yaxşıdırsa, ora mənim vətənimdir) deyərək ölkəsini ayaqqabılarının dabanlarını bir-birinə sürtərək özü ilə getdiyi yerə sürüyür”. Azərbaycanca desək, hazırın naziri.

Dünyanın ümumi vətən, insanın ümumdünya vətəndaşı olması mümkündürmü? “Sonanın uşaqları”nın dünya vətəndaşı olması bu qədərmi asandır?

Bütün yaradıcı ömrünü afroamerikan insanın şüuraltısında etnoarxeoloji axtarışlarda keçirən, tarixdə ilk dəfə Nobel mükafatı alan zənci qadın yazıçı Toni Morisson - kor gözləri ilə zəncilərin keçmişini, gələcəyini görən - qaradərililərin bu “Vanqa nənəsi” köləliyin ləğvindən təxminən yüz əlli il sonra söylədiyi Nobel nitqində deyirdi:

“Zəncilər (ABŞ-da) azadlıq qazanaraq milli mənəviyyatlarını itirirlər, azadlıq onları mənşəyi bilinməz sıradan bir amerikalıya çevirir. Zənciyə azadlıqdan əvvəl milli musiqisi lazımdır. Milli musiqisi zəncinin milli kimliyidir”.

Bu qaradərili xanım yazıçı bir zənci həssaslığı ilə hiss edir ki, Amerika azadlığı onun irqinə öz mənşəyini itirmək şərti ilə verilib. O və onun ədəbi qəhrəmanları bu “verilmiş” azadlıqdan imtina edirdilər.

Humanizm - yenə tarixə gedək - İsa peyğəmbərin dilindən “bir üzünüzə tüpürəndə, o biri üzünüzü çevirin” şəklində yəhudilərə təklif olunan Roma sülhü idi! Çünki iudaizmdə humanizmə yer yox idi. Yahova yəhudilərin müharibə Allahı idi, döyüşməyi əmr edirdi. Romalılarla Vətən uğrunda döyüşən yəhudilər öz dinləri ilə məğlubedilməzliklərini ilahiləşdirmişdilər. Zatən yəhudi dini ilahiləşdirilmiş yəhudi millətçiliyi idi. Kosmopolit Filon da bütün yunan fəlsəfəsini Tövrata bağlayanda yəhudi millətçiliyinə xidmət edirdi.       

Yenə də “dünya vətəndaşlığı” haqqında öz fikrimi axıra saxlayıb daha bir dünya klassikinin müharibə haqqında fikirlərinə yer verəcəyəm. Türklərin və yəhudilərin publisistik qənimi, böyük rus yazıçısı Fyodor Dostoyevski “müharibə barədə nə düşünürsünüz?” sualına belə cavab verir:

“Müharibənin insanlıq üçün bəla olduğunu düşünmək vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir”.

Qulağımızın dibində və bizi iki əsr əsarətdə saxlayan mədəniyyətin müharibəyə münasibəti!

“Sülh zamanı sosial üstünlüklər insanlığın ən pis, kobud tərəfinə keçir”, - deyən Dostoyevskinin fikirlərini davam etdirərək bu nəticəyə gəlirik ki, hər bir xalqın tarixi onun iştirakçısı olduğu müharibələrdən qoruyub-saxladığı əsgərlik xatirələridir. Hər bir xalq özünə borc bilir ki, bu ölüm-dirim haqqında xatirələrini böyük ehtiramla toplayıb mənəvi sərvətə çevirsin. Hər bir xalqın mədənilik səviyyəsi tarixində apardığı müharibələrin sayı ilə ekvivalentdir. Mədəniyyət tarixi müharibələrin tarixidir.

Mədəniyyət xalqların qanla həyata keçirə bildiyi arzularıdır. Hər bir müharibəyə güc verən də xalqın mədəni səviyyəsindəki yüksəlişdir. Müharibədən qorxan xalqlar bu gün yoxdurlar, kosmopolit olub çoxdan kosmosa qarışıblar. İslamın bədəvi ərəblərə, köçəri türklərə verdiyi mədəni gücü xatırlamaq yetər ki, yuxarıda deyilənlərin uydurma olmadığına inanaq.

Hələ Türkmənçay müqaviləsi imzalanan zaman Dostoyevskinin sələfi Qriboyedov yazırdı ki, torpaqlarına erməni ailələri köçürülmüş azərbaycanlıları “qonaqların” bu torpaqlarda müvəqqəti qalacaqlarına inandırmaq lazımdır. İnandırdılar da. Müharibə mədəniyyətin başlanğıcıdır, biz bunu unutduğumuz üçün Qriboyedova inandıq. Hətta insanlar kimi ərazi uğrunda etnik müharibələr aparan babun meymunları üzərində aparılan təcrübələr də onu göstərdi ki, bu meymunlar digər meymun növlərindən daha şüurludurlar.

Keçmiş yazılarımın birində yazmışdım ki, kosmopolitizm qlobalizmin keçən əsrdə ölən atasıdır. Pula və işə ehtiyacı olanlara bütün dünyanı vəd edən gizli bir imperializm dinidir. İnsanı vətən (burjua) mücahidi olmaqdan çıxarıb dünya (imperializm) mücahidi etmək məqsədi güdən utopiyadır. Burjuanın çörəyi millətçilikdən çıxdığı kimi, imperializmin çörəyi də kosmopolitizmdən, qlobalizmdən çıxır. Ancaq nədənsə, bu gün Azərbaycanda, az qala, hər yerindən duranın qlobalist olduğu bir vaxtda ermənilər öz ərazilərində etnik təmizləmə siyasəti aparır. Heç onlara deyən yoxdur ki, “ara, bir az da siz qloballaşın”. Torpaqlarının iyirmi faizi işğal olunmuş azərbaycanlı boynuyoğun isə məni sülhü sevmədiyim üçün həyətlərinə məhlə davasına çağırır.

Kosmopolitizm dedikdə iki kosmopolit inqilabçı filosofun - Marksla Bakuninin düşmənçiliyini xatırlamamaq ayıbımız olar. İnsana nəzarət edən heç bir sistemi tanımayan, xalis azadlığı kollektivçilik ruhunda görən, dövlətə və dinə oxşayan hər şeydən imtinaya çağıran utopik anarxist Bakunin deyirdi ki, “hər kilsə səmavi bir dövlətdir, hər dövlət isə dünyəvi bir kilsədir” və hər ikisi üçün insan, sadəcə, pis məxluqdur, ona azadlıq vermək olmaz, əksinə, əgər onu insan etmək istəyiriksə, bacardıqca azadlığını əlindən almalıyıq.

Marks isə əksinə, adı işçi sinfi olan bir qrupun hakimiyyətindən bəhs edir, sərvətlərə nəzarət edən “dünya fəhlələrindən” danışırdı. Ona görə də anarxist Bakunin Marksı gizli dövlətçi, hətta burjua tərəfdarı hesab edirdi. İnsanları “dünya vətəndaşı” olmağa çağıran iki filosof özləri bir-biri ilə yola getmirdi, “Sonanın uşaqları” isə dirənib ki, yox e, biz kosmopolit olacağıq, vəssalam. Mən hələ kosmopolit dünyada ABŞ və Çin kimi iki nəhəng sivilizasiyanın getdikcə şiddətlənən “ticarət müharibələri”ndən danışmıram. 

Kommunizm ideologiyası millətçiliyi qəbul etmir, çünki kommunizmin düşməni olan burjuanın təməl duyğusu millətçilikdir.

Marksla Bakunini ayıran məsələlərdən biri də bu idi. Keçmiş Sovet KQB-si də buna görə millətçiləri aradan götürürdü, çünki imperialist siyasət yürüdürdü; millətçiləri olmayan çoxmillətli bir düzən yaratmaq istəyirdi. Bundan xəbəri olmayan bizim milli cahillər isə elə bilir ki, kosmopolitzm insanpərvərlikdir, vətəni, milləti sevmək isə barbarlıqdır. Guya universal azadlıq kosmopolitizmdədir. Halbuki məqsədi dövləti ictimai qurumlarla əvəzləmək olan Marksizmin şinelindən çıxan kommunist liderlər dünyanın ən qəddar və ən millətçi dövlət liderləri oldular.

Kosmopiltizmin ilahiləşdirilmiş forması dindir; Hər bir səmavi din deyir: “Bütün insanları Allah yaradıb və taleyini bəri başdan müəyyən edib, hər kəs Tanrı qarşısında bərabərdir”. Bundan səmimi bərabərlik formulu yoxdur, amma hansı din onun qaydalarına əməl etməyənə qarşı səmimidir? Budurmu ilahi kosmopolitizmin insana verdiyi azadlıq? Hansısa dinin xidmətçisi olduğunu addımbaşı nümayiş etdirmək və ölənə kimi bağışlanmaq duyğusunun əsiri olaraq yaşamaq?

Patriotizmdə kosmopolitizmdən üstün olan duyğu təbiilik duyğusudur, vətəni sevmək təbii instinktdir, vətən milli və şəxsi kimliyin ünvanıdır. İslam kosmopolitizmi altında yaşayan, dinin millətindən asılı olmayaraq, qardaş hesab etdiyi müsəlman xalqlara baxın deyir, onlardan çox bir-birini öldürən varmı? Yaxud indi düşmən olanlar 30 il əvvəl kosmopolitizmdə əl-ələ yürüyən qardaş sovet vətəndaşları deyildilərmi?

Doğrudan, nooldu o xalqlar dostluğunun axırı?

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri