10 
İyn
2019
15:47
107
225
7312
Virtual karabakh

Bir tay cırıq qaloş düşdü xalqın başına

10 İyn, 2019
15:47
7312

Bir tay cırıq qaloş düşdü xalqın başına

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Deməli, təqvimdə 2019-cu il, iyun ayının 10-dur. Yəqin, xəbəriniz var, bir neçə il əvvəl Azərbaycanın ilk süni rabitə peyki “Azərspace” kosmosa buraxılıb.

Azərbaycanda peykin idarə olunması üçün regional idarəetmə mərkəzləri yaradılıb. Əsas mərkəz Güzdək qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanın Culfa rayonunda fəaliyyət göstərir. Yəni bilin ki, bütün bu hadisələr Azərbaycanda baş verir. Gənclərimiz İT sahəsini mənimsəyir, səsləri “Google”dan, “Facebook”dan gəlir.

Uzun sözü qısası, xalqımız inkişaf edir, elmə yiyələnir, yeniləşir. “Şükür olsun ki, biz də cəhalətdən, kütlükdən çıxdıq” deyən kimi, qəflətən bir tay cırıq qaloş düşdü xalqın başına. Qaloş başa düşən kimi də millət bölündü iki yerə. Bir tərəf mənim kimi şoka
düşüb, ikinci tərəf də qaloşu başına sürtüb deyir ki, “qələtini elə, bu, bir inancdır, pirdir”.

Deyirəm, qaloş təzə olsaydı, dərd yarı, deyərdim ki, təsisçi maliyyə ayırıb, pul xərcləyib. Zalımın balası köhnə qaloşu sellofana büküb pul vurur. Amma adamın üstündə Allah var, qaloşu sellofana bükməklə bir neçə hədəfə birdən nail olub. Birincisi, gigiyena qaydalarına riayət edir, ikincisi, biznesin əsas alətinin korlanmasının qarşısını alır. Əməlli tarixi artefakta çevirib. Kimin belə biznes planı var?! Heç kimin.

Məncə, bu biznes ideyasını dünyaya çatdırmaq lazımdır. Bir qəpik xərcləmədən böyük biznes qurmağın asan yolu. Əsas tələb isə sənin xidmətindən istifadə edəcək axmaqları tapmaqdır. Açığı, inanmıram belə bir kütlə dünyanın hansısa yerində ola. Gedib çantasına, cibinə baxsan, ən azı internetə çıxışı olan smartfonu olacaq. Di gəl ki, bir meqabaytlıq beyin yoxdur başda.

Qaloşdan imdad diləyənlərin birinə desən ki, qonşun acdır, 50 qəpik pul ver, ona çörək al, deyəcək ki, pulum yoxdur. Amma “qaloş”a verməyə pul tapır. Desən ki, heç bir kitabda, elmdə belə şey yoxdur, adamı diri-diri torpağa basdıracaq ki, axmağın yekəsi özünsən. “Qaloş əhli”nə desən ki, bu, cahillikdir, deyəcək sən Allahın yolundan sapmısan, cəhənnəmdə yanacaqsan.

Və bu başıboş kütlə ilə biz birlikdə yaşamağa məcburuq. Qaloşu baş-bədəninə sürtüb ondan şəfa tapan kütlə ilə. Məlum videoya baxanda bu qədər insanın hansı ağılla, fikirlə ora gedib bu “qaloşsürtmə” prosedurunu keçirdiklərinə məəttəl qalıram. Ən absurd filmlərdə, kitablarda belə şey yoxdur. Ən qorxulusu isə budur ki, “qaloşbazlar”ı islah etmək mümkün deyil. Nə qədər onları Şamaxı rəsədxanasına, Axundov kitabxanasına aparsan da, o kütlə yenə də zənciri qırıb “qaloş piri”nə gedəcək.

Nə deyirəm, “qaloş” özü sizə kömək olsun. Məncə, “qaloş”u başa daha möhkəm sürtmək lazımdır, statik enerji yaransın deyə, bəlkə, bundan sonra beyinləri işıqlana.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri