Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda qara rəngə boyanan bina ilə bağlı qərar verildi + YENİLƏNİB + FOTO
“Paytaxtın Yasamal rayonu, Kazım Kazımzadə küçəsində bina fasadının rənglənməsinə dair yerli sakinin iddiası həqiqətə uyğun deyil”.
Bu barədə icra hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
Qeyd edilib ki, Yasamal Rayon İcra Hakimiyyətinin memarı kooperativ bina sakinlərinə göstəriş vermək səlahiyyətinə malik deyil:
“Bina fasadının qara rəngə boyanması ilə bağlı məsələyə Yasamal Rayon İcra Hakimiyyəti müdaxilə etdi və məsələni araşdırdı. Müvafiq kooperativ bina rəhbərliyi ilə danışıqlardan sonra qərara gəlindi ki, şəhərimizdə münbit hava şəraiti bərqərar olan kimi bina fasadının rəngi şəhərin ümumi görünüşünə uyğun şəkildə dəyişdiriləcək”.
13:02
Yasamalda yerləşən binanın fasadının qara rəngə boyanması ilə bağlı daha bir açıqlama verilib.
Binada yaşayan sakinlərdən biri Oxu.Az-a açıqlamasında bildirib ki, binanın fasadının təzələnməsi barədə qərarı sakinlər özləri verməyib:
“Yasamal Rayon İcra Hakimiyyətinin açıqlaması düzgün deyil. Sakinlər binanın qara rəngə boyanması üçün heç bir təşəbbüs göstərməyib. Binamız ilə üzbəüz çoxmərtəbəli bina tikilir. Onlar öz hesabına binamızı da qara rəngdə boyayıblar. Həmin Mənzil Tikinti Kooperativinə də (MTK) Yasamal Rayon İcra Hakimiyyətinin memarı göstəriş verib. Sakinlər binanın bu rəngdə olmasına razı deyil”.
12:12
Yasamal Rayon İcra Hakimiyyəti ərazidə yerləşən binanın fəsadının qara rəngə boyanması ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Kazım Kazımzadə küçəsində yerləşən bina Mənzil Tikinti Kooperativinə (MTK) aiddir:
“Bina Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. Binanın fasadının təzələnməsi barədə qərarı sakinlər özləri veriblər. Bina sakinlərinin fasadın rəngi ilə bağlı ümumi qərarı onların seçimi olub və müvafiq iş onlar tərəfindən həyata keçirilib”.
“Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri müvafiq MTK rəhbərliyi ilə əlaqə saxlayıb və binanın fasad rənginin şəhərin ümumi görünüşünə uyğun olmadığına dair öz iradını bildiriblər”, - deyə qurumdan qeyd edilib.
Qeyd edək ki, Kazım Kazımzadə küçəsində yerləşən yaşayış bina qara rəngdə boyanıb. Binanın fəsadının bu cür boyanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İlhamə Əbülfət
Rəylər