21 
Apr
2022
12:48
250
32
6661
Virtual karabakh

Bakıda “Zapı”lardan ibarət maraqlı kolleksiya - FOTO

21 Apr, 2022
12:48
6661

Bakıda “Zapı”lardan ibarət maraqlı kolleksiya - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobil ustası olan Azər Əhmədov bir neçə ildir ki, “Zapı”, “Zaporoji” kimi tanınan “Zaporojets” (ZAZ) markalı avtomobilləri toplamaqla məşğuldur. Hazırda qarajında 50-dən çox bu markadan olan avtomobil var. Onlardan ən köhnəsi isə 1962-ci il istehsalıdır.

Burada ZAZ markasının bütün modellərinə rast gəlmək mümkündür, əksəriyyəti də işlək vəziyyətdədir. Özünün dediyinə görə, indiyə qədər 100-dən çox “Zaporoji” əldə edib. Təmir etdikdən sonra isə onların bir hissəsini satıb.

Kolleksiyada ən bahalı avtomobil 1962-ci il istehsalı olan göy rəngli ZAZ-dır.

Bu avtomobilin hər iki qapısı geriyə doğru açılır. Digər özəlliyi isə odur ki, yanacaq çəni avtomobilin ön hissəsindədir.

Hazırkı qiyməti nə az, nə çox, 20 min manatdan artıqdır.

Azər ustanın bu avtomobillərə həvəsi hələ uşaq ikən yaranıb. İndi də harada baxımsız vəziyyətdə qalan “Zaporoji” görsə, alıb emalatxanasına gətirir.

Kolleksiyaçı bildirir ki, bu avtomobillər iki cür olur, 30-luq və 40-lıq.

“Babamda həm 30-luq, həm də 40-lıq model var idi. Uşaqlıqdan “Zaporoji”yə olan sevgim məni “Zapı” ustası etdi”, - deyə Azər qeyd edib.

Azərin sözlərinə görə, retro maşınları bölgələrdən və şəhərin özündən tapır.

“Görürsən maşın çürüyür, sahibi deyir ki, “satım, heyif olmasın”. Onun təmiri 3-4 ay vaxt aparır. Çünki, köhnə model olduğundan ehtiyat hissələri tapılmır”, - deyə Azər Əhmədov bildirib.

Ustanın fikrincə, bu avtomobillərdən gəzinti üçün istifadə etmək daha məqsədəuyğundur. Çünki, “Zaporoji”lərin bəzi xüsusiyyətləri onunla uzun yol qət etməyə imkan vermir.

Digər avtomobillərdən fərqli olaraq, bunların mühərriki arxa hissədə yerləşir. Bunlar adətən küləklə soyuyur. Su sistemi yoxdur. Avtomobilin mühərrikinin “qızması” riski çoxdur.

Digər bir özəlliyi isə ondan ibarətdir ki, bu avtomobillərlə balıq tutmaq mümkündür. Bunlarda balıq tutmaq üçün yer olur. Salonda yeri var. Bu avtomobil ona görə istehsal edilib ki, ondan zövq alasan.

Azərin ən çox sevdiyi model “ZAZ-966”dır. Həmin avtomobilə dəfələrlə iri məbləğdə pul təklif edilsə də, satmayıb.

Ustanın emalatxanasında ötən əsrin 50-ci illərində istehsal olunan “Moskviç” və digər retro avtomobillər də var.

Mənbə: Sputnik.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri