Son illər insanlar arasında bel ağrılarından şikayətlərin sayı çoxalıb. Ən sağlam orqanizmə malik insanın belə, ömründə heç olmasa bir dəfə beli, kürəyi ağrıyır. Bunu bəzən iş yükünün ağırlığı ilə əlaqələndirirlər.
Daha çox uşaqların şikayət etdiyi bel ağrılarına səbəb məktəbli çantalarının ağırlığı, parta arxasında düz oturmamaq və s. ola bilər. Ofis işçiləri hərəkətsizliyi, fəaliyyəti aktiv hərəkət tələb edənlər isə işin ağırlığını bel ağrılarına səbəb bilirlər. Bəs bütün bunlardan çıxış yolu varmı? Bel və kürək ağrılarının gerçək səbəbləri nədir?
Oxu.Az-ın bu və digər suallarını həkim-fizioterapevt və reabilitoloq Əziz Davrişov cavablandırıb.
Əziz Davrişov həm bakalavr təhsilini, həm də fizioterapiya və reabilitasiya üzrə uzmanlıq dərəcəsini Türkiyədə alıb.
- Bu gün ölkəmizdə hansı fizioterapiya üsullarından istifadə edilir?
- Bir neçə il əvvəl elektroterapiya, ultrasəs terapiyasından geniş istifadə edilirdi. Lakin bu gün daha müasir müalicə metodlarından, Avropa və dünya ölkələrindəki kimi, yenilikçi fizioterapiyadan istifadə olunur. Bu metodlar xüsusilə bir növ cərrahi müdaxilənin qarşısını alır. Xarici ölkələrdə cərrahiyyə üsulu ilə müdaxiləyə ən son çıxış yolu kimi baxılır və həkim təyinatı üzrə həyata keçirilir. Təəssüf ki, bizdə insanlar bel, kürək, boyun, disk yırtığı (qrıja) problemlərində elə birinci cərraha müraciət edib, əməliyyat olunmaq istədiklərini deyirlər.
- Bəs sizin müalicə üsullarınız cərrahiyyənin qarşısını ala bilirmi?
- Biz çalışırıq ki, pasiyentlərimizi uzun, lakin cərrahiyyəsiz üsulla sağlamlıqlarına qovuşduraq. Tətbiq etdiyimiz fizioterapiya-reabilitasiya metodları ilə 100-dən çox pasiyent cərrahiyyəyə getmədən sağalıb. Əsas məsələ düzgün və zamanında görülən müalicədir. Həkim rəyi olaraq cərrahiyyəyə göstəriş varsa, bu, istisna hal hesab edilir və bunun qarşısı alınmır. Amma hansı pasiyentlərə ki bu göstəriş məcburi deyil, onlarla müalicə periodunu aparırıq. Ümumiyyətlə, cərrahiyyədən əvvəl və sonra pasiyentlər fizioterapiyaya göndərilirlər.
- Cərrahiyyə üsulunun hər hansı fəsadları, risk faktoru var?
- Təbii ki, bir yox, bir neçə risk faktoru var. Sinirin zədələnmə ehtimalı var. Çoxları əməliyyatdan sonra ayağa dura bilməməkdən, xəsarətlərin qalmasından qorxurlar. Ona görə də bu məqamlara görə pasiyentlərin çoxu öz xoşu ilə cərrahiyyə əməliyyatlarına getmir.
- Ümumiyyətlə, sizin sahədə xəstələrin neçə faizinə cərrahi müdaxilə təyin edilir?
- Deyərdim ki, bizim sahədə pasiyentlərin cəmi 10 faizinə cərrahiyyə göstərişi verilir, qalan 90 faizin orqanizmi müalicələrə cavab verir.
- Bel ağrısı niyə yaranır?
- Əsasən fiziki yük çox olduqda beldə yüklənmələr artır. Buna bağlı olaraq bel nahiyəsində mexaniki ağrılar, disk yırtığı və s. yaranır. Ən çox oturaq iş şəraitində və uzun müddət ayaq üstə qalan şəxslərdə bu kimi şikayətlərə rast gəlirik.
- Bel ağrılarının ağırlaşmasına təkan verən amillər hansılardır?
- Mütəxəssisə gec müraciət ağırlaşmaların ən birinci səbəbidir. Əhali güclü, dözülməz ağrı başlayana qədər həkimə getməyə sanki tənbəllik edir. Sanki öz canlarına yazıqları gəlmir. Buna bağlı olaraq, məsələn, işi oturaq olan insanda bel nahiyəsində qabarma dediyimiz disk yırtığının birinci səviyyəsi başlayır. İnsan müalicəyə getmədiyi müddətcə, oturaq işə də davam etdiyi üçün həmin disk yırtığı növbəti mərhələlərə keçərək ağırlaşır. Nəticədə sinir sıxılır, fəsad yaranır.
- Əgər bel ağrıları yalnız yorğunluğa görə yaranıbsa, bu halda “qulunc qırmaq” kimi metodlardan, masajdan istifadə etmək olarmı?
- Onu qeyd edim ki, bel ağrıları ilə kürək ağrıları ayrı-ayrı şeylərdir. Hər kəs “belim ağrıyır” deyərək müraciət edir. Lakin müayinə zamanı bəlli olur ki, pasiyentin beli yox, kürəyi ağrıyır. Kürək ağrılarında əks-göstəriş kimi “qırmızı bayraq” dediyimiz anlayış var. Bu hallarda manual terapiya olmaz. Yəni sinir həddən artıq sıxılırsa, bunu MRT ilə müəyyən edirik. Bəlli pasiyentlərdə bu və digər səbəblərdən 6-7% manual terapiyaya əks-göstəriş aşkarlanır. Bizə müraciət edənlər əksər hallarda deyirlər ki, müayinə istəmirik, birbaşa manual terapiya istəyirik. Bunu da əksər hallarda “xırç-xırç” terapiya adlandırırlar (gülür).
Sosial şəbəkələrdən bizə mindən çox insan yazır ki, biz ancaq manual terapiyanı istəyirik. Biz onlara izah edirik ki, ilkin müayinə də manual terapiyanın ödənişinə daxildir. Nəticələr olmadan bu terapiya tətbiq edilə bilməz.
- Disk yırtıqlarının konkret yaranma səbəbi elmə məlumdurmu? Çünki bu problemlə dünyaya gələnlər var, tam olaraq sonradan qazanılmış problem deyil.
- Disk yırtıqlarının etimoloji səbəbi elmə məlum deyil. Ancaq yaranmasına səbəb olacaq faktorlar kimi fiziki yükün çoxluğu, oturaq həyat tərzi və fiziki aktivliyin olmamasıdır. Hətta güclü asqırdığımız zaman disk yırtığı yarana bilər. Hər güclü asqıran şəxsdə də disk yırtığı yaranacaq deyə bilmərik. Bir növ bu, yoxdan yaranan xəstəlikdir deyə bilərik.
Pasiyentlər var ki, səhər yerindən durur, əl-üzünü yuyarkən beli tutulur. Elə oradan da birbaşa həkimə gəlir. Belə çox qəribə hallar olur.
- Onda proses gizli gedir və bir anda özünü büruzə verir?
- Əslində, ilkin mərhələləri, bəli, gizli gedə bilər. Şiddətli ağrılar olmaz. Ani olaraq sərt bir hərəkətdə lokal ağrılar yarana bilər. Ağrını ağrıkəsici ilə kəsmək yerinə dərhal müayinə olunmaq önəmlidir.
- Bu ağrını təsvir edə bilərsinizmi?
- Beldə disk yırtığı zamanı sinir sıxılırsa, ayağa doğru yayılan bir ağrı hiss edilir. Hissiyyat pozğunluğu olur, yanıcı, batıcı tərzdə ağrılar hiss edilə bilər. Eyni şəkildə boyunda disk yırtığı zamanı ağrılar qollara doğru vurur. Qollar keyiyir, zəifləyir. Kürək nahiyəsində olan problem isə daha çox sinənin altına vurur. Qabırğa ağrısı kimi, ürəkbulanma kimi hissiyyat yarada bilər. Çox vaxt bu simptomları ürək ağrıları ilə səhv salırlar.
- Bu gün ən çox hansı xəstəliklərdən əziyyət çəkənlər müraciət edirlər?
- Skolioz, lümbaqo, bel nahiyəsində disk yırtığı problemləri. Skolioz daha çox uşaqlarda rast gəlinir. 30-40 yaş arası pasiyentlərin əksəriyyəti bel nahiyəsində disk yırtığı problemləri ilə müraciət edir. İstisna hallarla 20-25 yaşında bu diaqnozla müraciət edənlər də var.
Serebral iflic, insult, Parkinson və s. xəstəliklərin reabilitasiya prosesində nevropatoloqla paralel müalicələr aparırıq.
- Uşaqlarla böyüklərə fizioterapiyanın tətbiq olunmasında nə kimi fərqlər var?
- Hər bir pasiyentə fərdi yanaşılır. Eyni diaqnoz uşaq və yaşlı pasiyentdə də ola bilər, lakin müalicə prosesləri fərqli olacaq. Əzələ qrupları fərqlidir və nöqtəvi müalicə tətbiq edərkən bunu müəyyənləşdirmək lazımdır.
- Bəs fizioterapiya və reabilitasiyanın həyata keçirilməsi zamanı hansısa risk faktorları ilə qarşılaşmaq mümkündürmü? Əməliyyatdan sonra fəqərə sürüşməsi təkrarlana bilərmi?
- Fəqərə sürüşməsinin birinci və ikinci dərəcələrində reabilitasiya ilə əzələləri gücləndirmək olar. Bundan sonra onlar normal həyatlarına davam edə bilərlər. Lakin üçüncü və dördüncü dərəcələrdə bir növ cərrahi müayinə və konsultasiya tövsiyə edirik.
- Hamilə xanımlarda və ya hamiləlikdən öncə mövcud problemdən xəbərsiz olan qadınlarda hansı addımlar atılır?
- Hamiləlik dövründə insanın çəkisi normal çəkisindən bir neçə dəfə artdığına görə onurğaya daha çox yük düşür. Buna görə fəqərədə disk sürüşməsi olan xanımlara müalicə olunmadan hamilə qalmalarını məsləhət görmürük. Çünki əks halda ağrılar arta və hamiləlik müddətini yataq rejimində keçirə bilərlər.
Yox, əgər artıq hamiləlik dövründə aşkarlanıbsa, onlara daha yumşaq hərəkətlər tətbiq edilir. Bu vəziyyətin düşük ehtimalına gətirib çıxardığına dair elmdə heç bir araşdırma və praktiki fakt mövcud deyil.
- Fəqərə sürüşməsini xalq təbabəti üsulu ilə müalicə etmək mümkündürmü?
- Buna dair bir neçə üsul var – gicitkən kolu, qır yaxmaq və s. Lakin bunun açıqlaması odur ki, nöqtəvi ağrılar beyin mərkəzinə impuls verir. Gicitkən bədəni daladığı zaman növbəti siqnallar yaranır. Təsir əks-təsirə bərabərdir. Amma bədəndə disk yırtığı olarsa, bu kimi üsullar qətiyyən kömək etməz.
Hətta Qubada bir nəfər var, pasiyentlər onun barəsində ağızdolusu danışırlar. O, mexaniki ağrıları olan pasiyentin bədəninə isti qır yaxır. Bu qır bir növ korset effekti verir. Onu üç ay belində saxlayırsansa, onsuz da isti olduğundan ağrılar azalır. Amma korset və ya digər belə bağlanan hər nə tövsiyə edilirsə, o çıxarılanda sıxılan əzələlər boşalır və yük düşür. Ona görə də biz məsləhət görmürük. Daha yaxşı olar ki, həkimə müraciət etsinlər.
- Oynaq içərisindəki mayenin azalması fikri doğrudurmu? Barmaqlarımızı şıqqıldatdığımız üçün yaşlananda əllərimiz əsəcək?
- Xeyr, bunlar hamısı mifdir (gülür). Bunun çox ziyanı yoxdur. Sadəcə, çox təzyiq etdiyiniz zaman oynaqları zədələyə bilərsiniz. Amma insan özü-özünə bu kimi ziyan vura bilməz, çünki incitdiyi an dayanırıq. Əl, ayaq, oynaqlarda olsa da, boyun nahiyəsində bu cür şıqqıldatmanı etməməyi tövsiyə edirik. Bunu daha çox stres anında insan psixoloji cəhətdən özünü sakitləşdirmək üçün edir.
- Disk yırtıqlarında geri dönüşü olmayan mərhələdə orqanizmdə nələr baş verə bilər?
- Uzun zaman sinir sıxlığı qalan zaman degenerasiya başlayır. Artıq bu mərhələdən sonra sinirin bərpası mümkün olmur. Bir çox xəstələr başqa alternativ yollar axtaran zaman vaxt itirirlər. Cərrahi müdaxilə bu hallarda şərt olur. Gecikmə olanda insanda sidikqaçırma halları başlayır. Bir başqa fəsad - “düşük ayaq” dediyimiz problem baş qaldırır. Bu zaman ayaq pəncəsi yuxarı doğru hərəkət etmir. Disk yırtığı aradan qaldırılsa belə, sinir bərpa olmur.
- Serebral ifliclərdə reabilitasiya prosesi neçə faiz effektiv olur?
- Bu pasiyentlərə tibdə 100 faizlik bərpa zəmanəti verilmir. Məqsəd ilk növbədə pasiyentin həyat fəaliyyətini yüksəltməkdir. Onları üçüncü şəxslərdən asılı haldan çıxarmaq belə, irəliləyişdir. Reabilitasiya metodları da fərqlidir. Uşaqlarda serebral iflicin diaqnozunun qoyulması dəqiq aparılmır.
Təəssüf ki, nevropatoloqlar hər bir pasiyentə serebral iflic yazıb göndərirlər reabilitasiyaya. Halbuki bu xəstəliyin elə növləri var ki, onların müalicə prosesləri bir-birinə tamamilə ziddir. İlkin baxışda da görmək mümkündür. Bəzi uşaqlarda əzələ yığılması ilə müşahidə edilir, bəzilərində isə hərəkətsizliklə. Təbii olaraq müdaxilə, müalicə periodu da fərqli olur. Reabilitasiyanın effekt verməsi nevropatoloqların uşaqlara düzgün diaqnoz qoymasıdır. Digər xəstələrlə müqayisədə serebral iflic xəstələri bizdən qısa müddətdə sağalmaq istəmirlər, onlar mərhələli şəkildə düzgün müalicə periodunun tətbiq edilməsini istəyirlər.
- El arasında “xırç-xırç” müalicə kimi tanınan manual terapiyanı hər kəs edə bilərmi? Sosial şəbəkələrdə bununla məşğul olanların sayı günbəgün artır.
- Bizim də qarşımıza çıxır. Təəssüf ki, başqa profil üzrə təhsil alan tibb işçiləri “YouTube”dan və ya üç-altı aylıq kurslardan bu terapiyanı öyrənib tətbiqinə başlayırlar. Xəbərimiz var. Lakin insanların sağlamlığını düşünmək önəmlidir. Buna görə də gərək terapiyanın texnikasını düzgün biləsən, ən azı, təhsilini alasan. Qeyri-peşəkar şəxslər kürək, bel nahiyəsində, bəlkə də, çox ciddi fəsadlara yol açmaz, amma boyun nahiyəsində geri dönülməz zədələr yarada bilər. Hər hansı sinir zədəsi, fəqərə sınığı ömürlük qalacaq fəsadlarla nəticələnə bilər.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər