Noy
2022
13:52
103
9
1096
Virtual karabakh

Mirzə Cəlil və şəhid qardaşlar

2 Noy, 2022
13:52
1096

Mirzə Cəlil və şəhid qardaşlar

Qan Turalı yazır...

Cəlil Məmmədquluzadənin bir hekayəsi var: “İki qardaş”. 1920-ci illərdə yazılan bu hekayə ilk dəfə yazıçının 1927-ci ildə çap edilən “Bəlkə də qaytardılar” kitabında çap edilib.

Gürcüstan yaylaqlarından birindən Tiflisə yola düşən qatarı müşahidə edən şəxsin dilindən danışılan hekayənin həcmi cəmi bir səhifə olsa da ifadə etdiyi məna son dərəcə genişdir. 

Hekayənin məğzi elə ikinci abzasdaca verilib: “Amma yadımdan çıxmayan əhvalat odur ki, həmin qatar yavaş-yavaş uzaqlaşanda vaqonların birinin qapısının ağzında iki kişini öpüşən gördüm. Bir qədər öpüşəndən sonra içəri tərəfdəki kişi, çölə tərəf duran kişinin tək əlindən tuta-tuta, bunu çölə tərəf basdı ki, düşsün. O da cəld tullandı səkiyə və tullanandan sonra qatar ilə bərabər qaçmağa üz qoydu. Və yenə qalxdı həmin vaqona və yenə oradakı kişini qucaqladı. Bunlar yenə öpüşməyə başladılar. Qatarın hərəkəti bir az sürətləndi, amma vaqona tullanan oğlan oradakı kişini öpməkdən əl çəkmirdi. Bir az gedəndən sonra pişik kimi özünü sıçrayıb düşdü yerə və hələ də qabağa tərəf vaqondakı yoldaşından ötrü qaçdı; ancaq axırda dayandı. Uzaqlaşandan sonra yenə də gözü uzaqlaşan qatarda idi”. 

Bir-birinin bu qədər dərin məhəbbətlə sevib, bir-birindən ayrıla bilməyən bu iki şəxsin kimliyi növbəti abzasda üzə çıxır: “Camaatın içindəki bir neçə gürcü yoldaşlardan xəbər tutub bildim ki, bunlar iki qardaş imişlər. Biri bir az uzaq səfərə gedir, o biri qardaşını yola salır. Hələ gedən qatarın qışqırığı çox uzaqdan gəlirdi. Amma yola atılan qardaş elə durub qabağa tərəf baxmaqda idi”. 

Kür çayının kənarında cərgə ilə bitən uca sərv ağaclarını xatırlayan yazıçı külək zamanı həmin ağacların bir-birinə tərəf əyildiyini təsvir edərək öpüşən qardaşları da bu sərv ağaclarına bənzədir və hekayəni belə bitirir: “Burada mən qəmgin oldum. Nə səbəbə qəmgin oldum, daha onu söyləmək istəmirəm”.

Bu hekayə buradaca qalsın. Cəlil Məmmədquluzadənin hər bir hekayəsini dəfələrlə oxumuşam. Az qala otuz ilə yayılan bu oxu prosesi bir neçə ildən bir təkrarlanır. “İki qardaş” hekayəsini oxuduqdan bir az sonra tədbirlərin birində iki şəhid atası Elman Məmmədovun çıxışı bu hekayənin yeni bir variantının, qardaşlıq duyğusunun yeni bir təzahürü idi.

Ata övladının şəhid olmaq xəbərinin ona verilməsindən danışırdı: “Mənə Bəhramın ölüm xəbərini verdilər, qorxublar ki, ürəyim dözməz, İmanı demədilər. Amma mən bilirdim ki, İman da şəhid olub. Heç ola bilməzdi ki, Bəhram ölsün, İman qalsın”. 

Həqiqətdə isə ikisi də eyni anda şəhid olmuşdu. Yaralı qardaşının can verdiyini görüb onun üstünə qaçan Bəhram da snayper gülləsinə tuş gəlmiş və qardaşların hər ikisi canını tapşırmışdı. Əbədi səfər qatarına qardaşlar tək minə bilməmişdilər. Eynilə Mirzənin təsvir etdiyi qardaşlar kimi... 

Mirzə Cəlilin sərv ağacına bənzətdiyi qardaşlıq bu iki şəhidimizin ölümü kimi tarix səhifələrində bir əfsanə kimi qalacaq. Çünki, deyilən söz yadigardır. Qardaşlıq hekayəsi də... 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri