Bu il fevralın 6-da ocağı Türkiyədə Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət nəticəsində ölənlərin sayı 50 mini keçib.
Zəlzələ baş verən andan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən 760 nəfər şəxsi heyət əraziyə cəlb edilib ki, onlardan 41 nəfəri tibbi personal olub.
Eyni zamanda, ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, iki mobil səhra hospital, tibbi ləvazimatlar və digər zəruri vasitələr hadisə yerinə çatdırılıb.
Oxu.Az-ın əməkdaşları bu dəfə zəlzələ bölgəsində insanlara yardım edən həkimləri danışdırıblar.
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin mayoru, həkim-pediatr Nizami İsmayılovun sözlərinə görə, verilən tapşırığa əsasən, fevralın 7-də səhər saatlarında Adana Hava Limanına, oradan isə Kahramanmaraş şəhərinə yollanıblar:
“Biz çalışdıq ki, əhaliyə lazımi yardım edək. Nazirliyin əməkdaşları olaraq, zəlzələ bölgəsinə gedən və ən son oradan çıxanlar olduq. 35 gündən çox orada qaldıq. İlk vaxtlar hər gün 200-250 nəfərə tibbi yardım edirdik. Biz mobil səhra hospitalında 5-97 yaş arası xəstələri müayinə edirdik.
Hava şəraiti ilə əlaqədar olaraq, uşaqların müayinəyə ehtiyacı çox idi ki, hər gün 60 uşağa kömək edirdik. Çünki onlar isti evdən çıxıb, çadıra düşüblər. Daha çox kəskin respirator və mədə-bağırsaq pozğunluğundan əziyyət çəkirdilər”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsində iki səhra hospital olub.
Həkim deyir ki, xəstələrə növbəli şəkildə yardım ediblər:
“Biz xəstələri 24 saat qəbul edib, müayinə aparmışıq. Tək tibbi yardımla kifayətlənmədik. Növbədən çıxan tibbi heyət insanlara isti geyim, yorğan-döşək, qidaları paylamaqda köməklik edirdi. Nazirlik əməkdaşları olaraq bacardığımızdan artığını əhaliyə etməyə çalışdıq. Artıq bir müddət də qala bilərdik.
Özləri də bizim onlara isti münasibətimizi dəyərləndirir, təşəkkür etdilər. Hətta biz öz isti geyimlərimizi belə oradakı insanlara verdik. Türkiyə də bizim vətənimizdir və oradakı insanlar bizim qardaş-bacılarımızdır. Onlara köməklik etmək bizim vətəndaşlıq borcumuzdur”.
N.İsmayılov əlavə edib ki, orada qarşılaşdığı mənzərəni unuda bilməz:
“İnsanların fəryadı adamı məhv edirdi. Ailələrin birində qonaqlıq olub və orada 15 nəfər iştirak edib. Həmin evdə səkkiz nəfər qohum ölmüşdü. Təsəvvür edin ki, qalanların vəziyyəti necə olub”.
FHN-in Tibb Xidmətinin Tibb Mərkəzinin həkimi, mayor Yeganə Məmmədova isə deyir ki, zəlzələ zonasına ikinci mərhələdə gedən heyətin arasında olub:
“Bizdə daha çox ambulator, cərrahi, ayaqlarda çürümələr olanlar çox idi. Bronxit, pnevmoniya xəstəlikləri olanların da müraciəti az deyildi Gün ərzində 100-dən çox xəstə qəbulu edirdik. Ümumilikdə 3000-dən çox xəstəyə köməklik etmişik.
Çalışırdıq ki, dərdlərinə dərman olaq. Vəziyyət çox çətin idi. İnsanların çarəsiz, ac-susuz qalmasını görmək adama pis təsir edirdi. Dövlət onlara köməklik edirdi, amma heç nə insanın öz evindən rahat ola bilməz”.
Y.Məmmədova onlara yardım üçün kim müraciət etsə, köməklik ediblər:
“İlk günlər xəstəxanalar dolu idi deyə bizə müraciət çox idi. Orada xəstəxanalar yavaş-yavaş bərpa olundu və ən son oradan çıxdıq”.
Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzinin həkimi, tibb xidməti kapitanı Qurban Eyvazov isə deyir ki, zəlzələ baş verəndən dərhal sonra oraya yollanan nümayəndələrdən biri olub:
“Baş verən dəhşətli hadisə bizi sarsıtdı. Bizə göstəriş gəldikdən qısa bir müddətdə hazırlandıq və Türkiyəyə yollandıq. Normalda mobil səhra hospitalının qurulması iki-üç gün çəkir. Biz oradakı tibbi və texniki heyətlə bir gün ərzində hospitalı hazır vəziyyətə gətirdik. Miqyassız faciə idi. Biz onlara yardım edən zaman faciələrini birlikdə yaşayırdıq. Tibb bacılarımız xəstəyə iynəni göz yaşları ilə vururdular”.
Həkimin sözlərinə görə, orada olan zaman zəlzələ baş verəndə beton plitə altında qalan, qolu sınanlara yardım edilib:
“Sonrakı günlər isə ambulator və cərrahi müraciətlər olurdu. 97 yaşlı bir qadın çox ağır vəziyyətdə gətirilmişdi. Nəvəsi, oğlu ölsələr də, özü iki gün beton plitə altında sıxılmış vəziyyətdə qalmışdı, nəfəs alması da çətin idi. Ona yardım etdik, növbəti dəfə gələndə isə səhhəti xeyli düzəlmişdi”.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər