İyl
2023
14:00
16
76
3495
Virtual karabakh

Məzuniyyətdə olan işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə hansı öhdəliklər yaranır? - AÇIQLAMA + FOTO

6 İyl, 2023
14:00
3495

Məzuniyyətdə olan işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə hansı öhdəliklər yaranır? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzən işə düzəldiyimiz müəssisə ilə əməkdaşlığımız çox davam etmir, lakin əmək müqaviləsinə görə, müvafiq dövrdən sonra məzuniyyət günləri toplanmağa başlayır. Bir çox hallarda insanlar işdən ayrılarkən məzuniyyət günlərindən istifadə edə bilmədiklərini və buna görə ödəniş almadıqlarını deyirlər.

Bəs görəsən, bu məsələ qanunla necə tənzimlənir? 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı necə hesablanmalıdır?

Tez-tez olmasa da, bəzən rast gəldiyimiz şikayətlərdən biri də məzuniyyətdə olan işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi halda çalışdığı müəssisənin öhdəliklərinin nədən ibarət olmasıdır.

Oxu.Az-ın bu və digər suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edib.

Ekspert bildirib ki, Əmək Məcəlləsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır:

“Məcəllə işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır. Məntiqlə ayın ortasında işə qəbul olunan işçi 12 aydan az işləyib məzuniyyətə çıxan zaman onun orta aylıq əməkhaqqının məbləği aşağı olacağı üçün məzuniyyət haqqı da az hesablanmalıdır. Buna yol verməmək üçün ayın ortası işə qəbul və ya xitam olarsa, bu, məzuniyyət haqqının hesablanmasında nəzərə alınmır.

Amma işçinin tam işləmədiyi ay işə qəbul və xitamla bağlı deyilsə (ödənişsiz məzuniyyət və s. bu kimi səbəblərə görə), bu hal orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınacaq. Məsələn, tutaq ki, aprelin 13-də işə qəbul olunmuş işçi dekabrın 26-da məzuniyyətə çıxmaq üçün müraciət edib. İşçinin iyun ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğunu fərz etsək, orta aylıq əməkhaqqının hesablanması zamanı may-noyabr ayları nəzərə alınacaq. İyun ayında işçi ödənişsiz məzuniyyətdə olduğundan əməkhaqqı digər aylara nisbətdə az olacaq və orta aylıq əməkhaqqının hesablanması zamanı bu nəzərə alınacaq”.

Ekspert onu da əlavə edib ki, 12 aydan artıq işləyib məzuniyyətə çıxanlar üçün belə bir tələb müəyyənləşdirilməyib:

“İşçinin hər hansı səbəbdən son 12 təqvim ayında işləmədiyi dövrlər orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır”.

“Bu halda, orta aylıq əməkhaqqının hesablanması zamanı işçinin ödənişsiz məzuniyyətdə olduğu aylar nəzərə alınacaq və 10 aydakı əməkhaqqının cəmi (iki ay ödənişsiz məzuniyyətdə olduğu üçün əməkhaqqı almayıb) 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Yəni işçinin ümumi gəliri 10 aya deyil, 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Bu halda işçinin iki ay gəliri olmadığı üçün orta aylıq gəlir aylıq əməkhaqqından az olacaq”, - deyə o qeyd edib.

Nüsrət Xəlilov məzuniyyətdə olan işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı məsələni də şərh edib.

O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarının 12-ci maddəsinə əsasən, növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən, işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir:

“Yəni məzuniyyətdə olduğu zaman əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər işçinin qalıq məzuniyyət günlərinə əlavə edilir. Həmin məzuniyyət günləri, Əmək Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulduğu kimi, işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər.

Məzuniyyət dövründə əmək qabiliyyətini itirdiyi iş günlərinə görə işçiyə əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödənilir”.

Misal 1: İşçi 1 dekabr 2022-14 dekabr 2022-ci il tarixləri arasında məzuniyyətə çıxıb və 8 dekabrdan əmək qabiliyyətini müvəqqəti itirib. 21 dekabrda işə çıxan işçinin cari işçi ili üçün 16 gün məzuniyyət günü qalıb. Bu halda məzuniyyət və müavinət məsələlərinin hesablanma qaydası belə olacaq:

“İşçi 21 dekabrda işə qayıtdığı zaman təqdim olunmuş əmək qabiliyyətinin itirilməsi vərəqəsinə əsasən, 8 dekabrdan 14 dekabra qədər yeddi təqvim günü onun qalıq məzuniyyət günlərinə əlavə olunacaq və məzuniyyət günlərinin sayı 23 gün (16+7) olacaq. Həmin məzuniyyət günlərini işçi işəgötürənin razılığına əsasən, 21 dekabrdan etibarən və ya başqa vaxta keçirilərək istifadə edə bilər.

8 dekabrdan 21 dekabra kimi olan 14 gündəki iş günləri üçün isə işçiyə nəzərdə tutulmuş formada əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödəniləcək”.

Bəs ödənişsiz məzuniyyətdə olan işçi əmək qabiliyyətini müvəqqəti itirərsə, ona əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödənilirmi?

Ekspert bildirib ki, bu, Nazirlər Kabinetinin 1998-ci 15 sentyabr tarixli 189 nömrəli qərarının 13-cü maddəsi ilə tənzimlənir:

“Həmin maddəyə əsasən, əməkhaqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əməkhaqqı saxlanılmadan məzuniyyətdən və ya uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri