Göygöldə güclü yağışdan sonra sel gəlib.
Oxu.Az-ın məlumatına görə, axşam saatlarında leysan yağışdan sonra rayonun Aşıqlı kəndi ilə rayon mərkəzini birləşdirən yolun bir hissəsini sel suları basıb.
Nəticədə Göygöl-Toğanalı-Kəlbəcər yolunda avtomobillərin hərəkəti dayanıb.
Bundan başqa, sel yolun hərəkət hissəsinə daş parçaları və ağac qırıqları gətirib. Hazırda əraziyə adiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yolun açılması istiqamətində işlər gedir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov da Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı dərhal Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları həmin ünvana gələrək, aidiyyəti qurumların əməkdaşları ilə birlikdə müvafiq tədbirlər həyata keçirib.
Məlumata görə, polis əməkdaşları tərəfindən yolun yağış sularının gətirdiyi maneələrdən təmizlənməsi və hərəkətin bərpa edilməsi istiqamətində zəruri işlər görülüb.
Hazırda yol istifadəyə verilib, nəqliyyatın hərəkətində hər hansı bir maneə yoxdur.
Rəylər