Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən 89 nömrəli tam orta məktəbdə şagirdin zorakılığa məruz qalması ilə bağlı xəbərlər bir neçə gündür yayılır. Yeddinci sinif şagirdinin anası qızının xəsarət izləri olan fotosunu yayıb və iddia edib ki, övladı məktəbin ayaqyolunda zorakılıqla üzləşib.
Oxu.Az-ın əməkdaşı olaraq, sözügedən məktəbə yollandıq, hadisə yerində araşdırma apardıq.
Biz məktəbin həyətinə əsas giriş qapısından daxil olduq. Burada bizim kim olduğumuzla və nə üçün gəldiyimizlə maraqlanan məktəb işçisi olmadı.
Belə təəssürat yarandı ki, əsas giriş qapısından kim istəsə, rahatlıqla təhsil ocağına daxil ola bilər. Çünki heç bir təhlükəsizlik qaydaları görülməyib. Amma məktəbin binasına daxil olan zaman bizi iki xadimə qarşıladı. Daha sonra məktəbdə baş verən hadisə ilə bağlı açıqlama vermək üçün bizim içəri daxil olmağımıza icazə verildi.
Təlim-tərbiyə işləri üzrə direktor müavinləri - Nuranə Hüseynova, Svetlana Əliyeva və Aygün Bağırova hadisə barədə danışdılar. Onlar bildirdilər ki, sözügedən hadisə noyabr ayının 24-də, saat 17:00 radələrində baş verib.
Elə hadisə baş verən zaman Svetlana Əliyeva məktəbdə olub. O deyir ki, 20 ildir bu təhsil ocağında çalışır və ilk dəfə belə bir hadisə ilə rastlaşıb:
“Yeddinci sinif şagirdi özü mənə yaxınlaşdı və bildirdi ki, ayaqyolunda döyülüb. Mən şagirddən dərhal soruşdum ki, hadisə nə zaman baş verib? O, mənə dedi ki, ayaqyolunda onun gözünü bağlayıblar və işgəncə veriblər. Bunu öyrəndikdən dərhal sonra mən direktorumuz Dadaş Babazadəyə, şagirdin valideynlərinə və sinif rəhbərinə xəbər verdim. Şagird bizə bildirdi ki, üç qız onu döyüb. Həmin vaxt bizə qollarındakı izləri və əlində olan kəsici alət barədə heç bir söz deməyib. Yalnız valideyn evə qayıtdıqdan sonra qızın gizlətdiyi kəsici aləti tapdığı haqqında məlumat verdi və şəklini bizə atdı”.
Direktor müavini Nuranə Hüseynova isə deyir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib və araşdırmalar davam etdirilir.
“Biz qızdan hadisə zamanı soruşanda elə dayanmadan “görmədim, bilmədim” sözlərini işlədirdi. Həmin vaxt ayaqyolunda olan qızların hamısını topladıq və məktəbin psixoloqu onlarla danışdı. Qızlar bildirdilər ki, onlar həmin qız ilə birlikdə sinifə qayıtmaq istəsələr də, o gəlməyib və “siz gedin, mənim xüsusi işim var, gələcəyəm”, - deyib. Qız evə getdikdən sonra valideyn qolundakı izləri və əlindəki kəsici aləti tapıb”.
“Bilirsiniz, qız fərqli sözlər danışır. “Mənim əlimi, qolumu bağladılar və məni döydülər”, - deyir. O polisə ifadəsində deyib ki, gözündəki parça sürüşəndə üç hündürdaban ayaqqabı geyinmiş şəxs görüb. Hər halda məsələni polis araşdırır. Qeyd edim ki, davamiyyəti zəif olsa da, problemsiz uşaqdır”, - deyə direktor müavini Aygün Bağırova əlavə edib.
Öyrənirik ki, məktəbdə təhlükəsizlik kamerası var, amma çöl istiqamətini çəkir.
S.Əliyeva onun bu məsələni gizlətməyə çalışması barədə yayılan xəbərlərə də aydınlıq gətirib:
“Mən bu məsələni gizlətməmişəm. Əksinə, qorxdum və məsələni araşdırmaq qərarına gəldim. Çünki bu məktəbdə mənim iki qızım təhsil alır. Valideyn evə getdikdən sonra kəsici alətin şəkillərini atdı, mən təəccübləndim ki, qız niyə məktəbdə olan zaman kəsici alət məsələsini danışmayıb? Biz də istəyirik ki, məsələ tam araşdırılsın, günahkarlar cəzalandırılsın”.
N.Hüseynova məktəbin təhlükəsizlik məsələsi barədə də danışıb:
“Məktəbə bizim icazəmiz olmadan kənardan bir şəxs daxil ola bilməz. Qapıda iki qadın dayanır və bir saniyə də olsun ora boş buraxılmır. Hətta həmin o işçilərdən biri kənara çıxacaqsa, digəri mütləq qapıda dayanmalıdır. Məktəbə müxtəlif səbəblərə görə tez-tez valideynlər gəlir və həmin işçilər mütləq bizə xəbər verirlər. Biz qapıya yaxınlaşıb valideyni qəbul edirik. Şagirdin üç dikdaban geyinən qadının ona işgəncə verərək döyməsinə dair iddaları əsassızdır, Çünki buraya hansısa kənar şəxsin daxil olması mümkün deyil. Mən ilk dəfədir ki, bu cür problemlə rastlaşıram. Döyüldüyünü dediyi vaxtda onun üst geyimidə heç bir səliqəsizlik olmayıb. Özü polis bölməsində bildirib ki, onun qarnından vurublar. Deyirlər ki, məktəbin ayaqyolusunun qapısı işləmir. Bu, yalandır. Məktəbin qapısında heç bir problem yoxdur”.
Qeyd edək ki, bu gün məktəbdə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə direktorun görüşü keçirilib. Görüş zamanı məktəbə kənar şəxslərin daxil olaraq şagirdlərə təzyiq göstərmələri ilə bağlı iddialarla əlaqədar valideynlərlə söhbət aparılıb. Müzakirə zamanı söylənilən iddiaların əsassız olduğu və təzyiqə məruz qaldığını iddia edən məktəblinin, həmçinin anasının ifadələrində müəyyən ziddiyyətlərin olduğu valideynlərin diqqətinə çatdırılıb.
Bildirilib ki, məktəblərdə xüsusi hallar baş verdikdə təhsil müəssisələrinin rəhbərliyi və ya təhsili idarəetmə qurumları tərəfindən operativ reaksiya verilir, müvafiq addımlar atılır. Təhsilalanlarla bağlı münasibətlərin düzgün tənzimlənməsi, şagirdlərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması və ümumilikdə analoji halların gələcəkdə təkrarlanmaması məqsədilə zəruri tapşırıqlar verilir.
İlhamə Əbülfət
Rəylər