11 
Dek
2023
17:42
46
25
1006
Virtual karabakh

Vahid məhkəmə təcrübəsinin formalaşması uğurlu məhkəmə islahatlarının bir parçasıdır - RƏY + FOTO

11 Dek, 2023
17:42
1006

Vahid məhkəmə təcrübəsinin formalaşması uğurlu məhkəmə islahatlarının bir parçasıdır - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, ölkəmizdə məhkəmə-hüquq islahatlarının növbəti mərhələsi kimi vahid məhkəmə təcrübəsinin yaradılması mexanizmləri müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına dair səlahiyyət verilib. Ötən müddət ərzində Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində bir sıra qərardadlar qəbul olunub.

Bəzi hallarda, məhkəmə tərkibləri tərəfindən oxşar faktiki halları olan mübahisələr üzrə fərqli qərarların qəbul edilməsinə rast gəlinirdi ki, vahid məhkəmə təcrübəsinin formalaşması ilə bu kimi halların qarşısının alınmasına başlanılıb. Belə ki, həmin təcrübə qüvvədə olduğu müddətdə məhkəmələr üçün məcburi xarakter daşıyır. Yəni, təcrübənin mövcud olduğu zaman kəsiyində məhkəmələrin qəbul etdikləri qərarlar ona uyğun olmalıdır. Təcrübəyə əməl olunmaması həmin qərarların ləğvi üçün müstəqil əsas hesab olunur.

Mövzu ilə bağlı e-huquq.az-a danışan vəkil İlhamə Həsənova deyib ki, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədi daşıyan vahid məhkəmə təcrübəsi ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verir.

“Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində bir sıra qərarlar qəbul olunub. Bu qərarlar həqiqətən çox vacib məsələlərə həsr olunmuş qərarlardır. Digər məhkəmələr də qərar qəbul edərkən həmin qərarlara əməl edirlər. Mən bu istiqamətdə fəaliyyəti çox yüksək qiymətləndirirəm. Çünki qərarlar qəbul olunarkən həqiqətən də hərtərəfli təhlil aparılıb. Bu qərarlar biz vəkillərin də işinə çox böyük kömək olur. Biz vətəndaşlara hüquqi rəy verəndə həmin qərarlara əsaslanaraq işin perspektivini daha düzgün proqnozlaşdıra bilirik. Müsbət haldır ki, vahid məhkəmə təcrübəsi formalaşdıqda Ali Məhkəmə tərəfindən ekspertlərin, eləcə də vəkillərin fikirləri və təklifləri nəzərə alınır”, - deyə o bildirib.

Vəkilin sözlərinə görə, hazırda bir çox mübahisələrlə bağlı vahid məhkəmə təcrübəsinin formalaşmasına ehtiyac var: “Nümunə kimi vərəsəliklə bağlı işləri deyə bilərəm. Məsələn, miras qoyan 2015-ci ildə vəsiyyətnamə verir ki, mənə məxsus olan bütün əmlakı filankəsə vəsiyyət edirəm. Lakin vəsiyyətnaməni verdikdən sonra başqa əmlaklar da əldə edir. Həmin o əmlakların da vəsiyyətnamədə nəzərdə tutulan əmlak kütləsinə aid olub-olmamasının müəyyənləşdirilməsi üçün vahid məhkəmə təcrübəsinə ehtiyac var”.

Vəkil Azər Quliyev də bildirib ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən vahid məhkəmə təcrübəsi formalaşdıran qərarlara istinad edilir: “Vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində işlər davam edir. Tam təcrübə formalaşdıqdan sonra bu sahədə problemlər aradan qalxacaq. Ayrı-ayrı istisnalar olsa da, ümumən məhkəmələr tərəfindən vahid məhkəmə təcrübəsinə əməl edilir. Düşünürəm ki, vahid məhkəmə təcrübəsinin formalaşması çox müsbət haldır. Həmin qərarlara əsasən, artıq hər kəs bilir ki, oxşar mübahisələrdə Ali Məhkəmənin mövqeyi necədir və bu mübahisə hansı qaydada həll olunmalıdır”.

Vəkil Dilarə Əfrasiyabova da vahid məhkəmə təcrübəsinin formalaşmasını müsbət qiymətləndirib: “Bu prosesə hələ yeni başlanıldığı üçün konkret nəsə demək tezdir. Bəzi hakimlər vahid məhkəmə təcrübəsi formalaşdıran qərarlara istinad etsə də, digərləri Avropa təcrübəsinə istinad edirlər. Amma ümumilikdə deyə bilərəm ki, vahid məhkəmə təcrübəsinin formalaşması çox yaxşı haldır. Artıq vahid təcrübə formalaşdığına görə eyni tip işlərdə nəticənin necə olacağını təxmin etmək mümkün olur. Hazırda bu proses davam edir. Hesab edirəm ki, bir çox mübahisələrlə bağlı vahid məhkəmə təcrübəsinin formalaşmasına ehtiyac var”.

Vəkil Sima Yaqubova isə deyib ki, vahid məhkəmə təcrübəsinin formalaşması uğurlu məhkəmə islahatlarının bir parçasıdır: “Əgər hər hansı bir hüquq mübahisəsi üzrə vahid bir məhkəmə təcrübəsi formalaşıbsa və bununla bağlı Ali Məhkəmənin mövqeyi ortadadırsa, məhkəmələr hazırkı dönəmdə həmin təcrübəyə əməl edirlər. Vahid məhkəmə təcrübəsinin formalaşması ədalətli, obyektiv məhkəmə araşdırması üçün bu çox vacib məsələdir. Artıq hüququn bir çox sahələri üzrə vahid məhkəmə təcrübəsi təşəkkül tapmalıdır. Belə olduqda heç kəsdə şübhə yaranmayacaq ki, analoji işdə filankəsin işində bu cür qərar qəbul edilib, digərində başqa cür. Çünki vahid yanaşma olacaq. Ümumiyyətlə son dövrlər Ali Məhkəmənin bu istiqamətdə aktiv fəaliyyətini yüksək qiymətləndirirəm. Lakin hələ də çox sayda mübahisə növləri var ki, bununla bağlı vahid məhkəmə təcrübəsinin formalaşmasına ehtiyac var”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri