19 
Fev
2024
13:52
156
14
2205
Virtual karabakh

Hərbi Dəniz Qüvvələrinin yeməkxanasından REPORTAJ - FOTO

19 Fev, 2024
13:52
2205

Hərbi Dəniz Qüvvələrinin yeməkxanasından REPORTAJ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi qulluqçuların düzgün qidalanması onların döyüş hazırlığına müsbət təsir edir. Dünya ölkələrində hərbi qulluqçulara əsasən həmin ölkənin milli yeməkləri verilir. Əvvəllər Azərbaycanda da gənc əsgərlərin hərbi hissədə bişirilən yeməklərə adaptasiyası uzun çəkirdi. Son dövrlər orduda milli yeməklərinin verilməsi həmin problemi, demək olar ki, aradan qaldırıb. Artıq hərbi hissələrdə yemək menyusu tərtib olunarkən əsgərlərin təklifləri də nəzərə alınır. Onlara isti yeməklərlə birlikdə kalorili meyvə və çərəzlər də verilir.

“Report” bu istiqamətdə daha bir reportajı təqdim edir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsindəyik. Məqsədimiz burada matrosların qidalanma rejimi və şəraiti ilə yaxından tanış olmaqdır.

Bizi burada polkovnik Azər Rzayev qarşıladı. Gəlişimiz hərbi qulluqçuların yemək vaxtına təsadüf etmişdi. Əsgər və kursantlar nizamnamə çərçivəsində yeməkxananın qarşısında düzülür, içəri daxil olmaq üçün komandirin tapşırığını gözləyirdilər. Nizam-intizama yalnız hərbçilər deyil, yeməkxanada çalışan mülki işçilər də riayət edirdilər.

Yeməkxana böyük, səliqəli və təmizdir. Hərbi hissənin bütün şəxsi heyətinin eyni vaxtda qidalanması üçün şərait var. Əsgər yeməkxanasının mətbəxi də genişdir. Burada mülki aşpazlar çalışırlar. Yeməklərin paylandığı vitrinlərə yaxınlaşırıq. “Katyol”larda milli mətbəxin çeşidli təamları var. Matroslar küftəbozbaş, kotlet və şorbadan götürərək sıra ilə masalarda əyləşirlər. Eyni zamanda, şəxsi heyətə vitaminli meyvə şirələri, kompotlar da verilir.

Yeməkxana rəisi leytenant Sahib Həsənzadə bildirdi ki, bina iki mərtəbədən ibarətdir:

“Hərbi qulluqçulara sulu, quru və ət yeməkləri verilir. Yeməklər daim isti saxlanılır. Təmizliyə, əsgərlərin rahat şəkildə qidalanmasına xüsusi diqqət yetirilir. Burada quruda və dənizdə xidmət edən əsgərlər, eyni zamanda kursantlar da yemək yeyirlər. Yeməklər dörd normadan ibarətdir. Ərzaqların kalori dəyəri hər normaya uyğun hesablanır. Xüsusi təyinatlı hərbçilər daha çox fiziki normativlərlə məşğul olduqları üçün onlara verilən kalori dəyəri yüksək olur. Həmin hərbçilərə əlavə olaraq halva, ləpə və zeytun da verilir. Ümumqoşun ərzaq norması isə digər hərbi hissələrlə eyni olur. Dənizçilərə dəniz şəraitində xidmətin təyinatına, kursantlara isə onların dərslərinə və təlimlərinə görə qidalar verilir”.


 Daha sonra aşpaz xanımlara yaxınlaşdıq. Gülərüzdürlər. Bildirdilər ki, hərbi hissədə öz evlərindəki kimi yeməklər bişirirlər. Əsgərləri öz övladları hesab edirlər.

Aşpaz Könül Qurbanova ilə qısa söhbətimiz oldu.

- Könül xanım, əsgər valideynləri övladlarını hərbi xidmətə yola salanda ən çox onların yeməkləri barədə narahat olurlar. Burada əsgərlərə hansı yeməkləri bişirirsiniz?

- Səhərlər südlü sıyıqlar, soyutmalar, yumurtalar, kolbasa, cem, yağ, bulkalar olur. Günorta isə milli və sulu yeməklər bişiririk. Əsgərlər üçün kifayət qədər çeşidli yeməklər bişirilir.

- Nə vaxtdan burada çalışırsınız? Əsgərlərə yemək bişirmək necə hissdir?

- Yeməkləri qürur hissi ilə bişiririk. Artıq 7 ildən çoxdur ki, burada işləyirəm. Mən də oğul anasıyam. Əsgərlərin valideynlərini yaxşı başa düşürəm. Ona görə də çalışırıq ki, hərbçilərimiz keyfiyyətli və dadlı yeməklərlə qidalansınlar.

Aşpaz xanımlarla sağollaşıb, əsgərlərə yaxınlaşdıq.

 - Nuş olsun! Özünüzü təqdim edin, zəhmət olmasa!

- Matros Muxtar Əmənov!

- Yeməklər necədir? Sizi qane edirmi?

- Çox yaxşıdır, yeməklərdən çox razıyıq. Evdə yediyimiz yeməklərdən fərqlənmir.

 - Menyuya hansısa yeməyin əlavə olunmasını istəyərdinizmi?

- Hazırkı menyu bizi qane edir. Lazım olanda şəxsi heyətin fikri öyrənilərək digər yeməklər də menyuya əlavə olunur.

Matros Fuad Qasımov da burada verilən yeməklərin onları qane etdiyini bildirdi. Onun sözlərinə görə, buradakı təamlar heç də mülki həyatda olan yeməklərdən fərqlənmir.

“Yediyimiz yeməklərin tərkibində kifayət qədər protein var. Bu da gündəlik xidmətimizdə bizi kifayət qədər enerji ilə təmin edir. Bizə normaya uyğun qidalar verilir, həmçinin yeməklərin hazırlanmasında əsgərlərin fikirləri də nəzərə alınır”, - deyə o söylədi.


Hərbi qulluqçularla söhbətləşəndən sonra biz də onlara verilən yeməklərdən daddıq. Həqiqətən də ev yeməklərindən fərqlənmirdi...

Beləcə, xoş əhvali-ruhiyyə ilə hərbi hissəni tərk etdik. Azərbaycan Ordusunun ildən-ilə təkmilləşdirilərək müasir standartlara uyğunlaşdırılması, yüksək döyüş hazırlığı, eləcə də şəxsi heyətin qidalanmasında müasir standartlardan istifadə, əlbəttə ki, bizi qürurlandırdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri