Apr
2024
14:08
72
160
6778
Virtual karabakh

Rövşən Nəcəf: “Mən kral deyiləm...” - FOTO

2 Apr, 2024
14:08
6778

Rövşən Nəcəf: “Mən kral deyiləm...” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün AFFA-nın yeni rəhbəri seçilən SOCAR prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” onun suallara cavablarını təqdim edir:

- Milli komandanın baş məşqçisi kim olacaq? Yerli, yoxsa əcnəbi mütəxəssis?

- Keçən ilin dekabrında xüsusi komissiya yaradılıb. Müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb. Danışıqlar artıq tamamlanmaq üzrədir, rəsmiləşdirilmə vəzifəsini yerinə yetirəcəyik. Sadəcə, zaman yeni İcraiyyə Komitəsinin iclasının vaxtına düşür. Amma yenə müzakirə olunacaq. İstənilən qərarın verilməsində yerli-əcnəbi faktoru yox, millimizdən gözlədiyimiz oyun tərzinin ön plana çıxmasıdır. Yerli də, əcnəbi də ola bilər. Məşqçi barədə qərarı verəndə bacarıq, baxış və dəyərləri düşünməliyik. Daha çox fokuslanmalı olduğumuz - həmin məşqçinin bizə verəcəyi əlavə dəyər, inkişafdır.

- Son altı-yeddi il ərzində AFFA rəhbərliyi mətbuatdan uzaq idi. Siz də “Neftçi”yə gələndə sizi tez-tez görə bilmirdik. Sizin media ilə əlaqəli nəsə proqramınız, ideyanız var? Tez-tez görünəcəksiniz, yoxsa sizi ildə bir-iki dəfə görəcəyik?

- Futbolun inkişafına futbola aidiyyəti olan qurumların və şəxslərin birgə fəaliyyəti nəticəsində nail ola bilərik. Futbol mediası da futbolumuzun ayrılmaz, önəmli hissələrindən biridir. AFFA-nın məqsədlərinə çatmasında sizin də köməyiniz olacaq. Media olmadan bu mümkün deyil. Maliyyəni təyin etmək üçün milli çempionatımızda məhsul formalaşdırmalıyıq. Bu da maliyyə vəsaitinin cəlb edilməsidir. Burada medianın rolu danılmazdır. AFFA media ilə daha da sıx işləyəcək. Müəyyən dövrdən sonra zaman lazımdır ki, strategiya üzərində işləyək. Media nümayəndələri ilə görüş keçirəcəyik. Həmin görüşü media ilə qapılar arxasında danışarıq. Hansı çətinliklər var, medianın AFFA-dan gözləntiləri nədir - öz aramızda müzakirə edərik. Qapalı qapılar arxasında insanlar fikirlərini daha rahat şəkildə ifadə edə bilirlər. Futbolun inkişafında bizə dəstək verəcək media kimi görəcəyik? Suallarınız da olarsa, AFFA-ya müraciət edə bilərsiniz. Vaxtaşırı konfranslar keçirəcəyik.

- Keçmişdə qalan illərdə milli komandalar səviyyəsində heç bir uğur görməmişik. Bizim üçün son ümid budur. Azərbaycan millisinin heyətində uğurlu olan veteranlarla bağlı planlarınız nədir?

- Əslində, bu sualın cavabını əvvəlki çıxışımda bildirdim. Millidə oynamış bütün üzvlərdən bəhrələnəcəyik. Konkret necə? Onunla bağlı biz müəyyən proqram düşünəcəyik.

- “Qəbələ” hazırda sonuncu pillədədir. Orada infrastruktur çox yaxşıdır. Bu komandanı bir il itirə bilərik. Planlara əsasən, Premyer Liqada klubların sayı arta bilər? “Qəbələ” Liqada qala bilər?

- İK-da qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdır. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil tələb edir. İK-nın bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq. Hansısa qərarı verəcək, digər ölkələrdəki təcrübəni də nəzərə alacağıq. Nəyə fikir vermək lazımdır, nə işləyir, nə işləmir - bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindir. Bəzi qərarlar qısa müddətdə qəbul oluna bilər. Liqanın formatı ilə bağlı təhlil aparacağıq.

- Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib, özləri kənara çəkilirlər. Siz necə edəcəksiniz? Məsuliyyəti üzərinizə götürəcəksiniz?

- Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa, tanışlarla daim futbol oynayan insan kimi, futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacağam. Amma İK-dakı, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

- Milli komanda zəif bənd rolunu oynayır. Udanda da tənqid olunur, məsxərəyə qoyulur. Bunu nə ilə əlaqələndirirsiniz? Futbol üzərində maraqların toqquşmasıdır?

- Bu sualı cavablandırmaq çətindir. Necə məsxərəyə qoyulub? Bir-iki nəfər? Bu, futbol icması deyil. Gərək hamının səsini nəzərə alaq. Bir-iki nəfər söz deyirsə, o demək deyil ki, bütün futbol icmasının rəyidir. Bəli, millimizdir, Azərbaycanı təmsil edir. Uğurlu gündə də, uğursuz gündə də komandanın yanında olmalıyıq. Kritik şərhləri verməliyik, öz fikirlərimizi bölüşməliyik. Oyunçuların ailələri, övladları var. Onlara qarşı şəxsi, düzgün olmayan, qeyri-etik sözlərin işlədilməsi düzgün deyil. Amma yenə də söz azadlığıdır, hər insan fikrini ifadə etməkdə sərbəstdir. Millimiz bizim şərəf yerimizdir. Daim onların yanında olmalıyıq. Xarici çempionatlarda görürük ki, azarkeşlər uduzan komandanı da alqışlayırlar. Bəzən səndən zəiflərə də uduza bilərsən. Həmin gün oyunçuların motivasiyası aşağı ola bilər. Futbolu maraqlı edən bu növ hallardır. Mütəxəssislər öz fikirlərini səsləndirməkdə sərbəstdirlər. Amma oyunçuların insan olduğu, onların da yaxınlarını unutmamaları düzgün olardı.

- AFFA-da bəzi postlar boşdur. “Neftçi” klubundan kimisə AFFA-da görə bilərik?

- Bu gün seçilmişəm. İmkan olmayıb müzakirə edək. Qısa müddətdə bunları müzakirə edib, AFFA-nın təşkilati strukturunda da dəyişiklik edilməsi mümkündür. Hansısa departament, şöbələrin birləşməsi, ayrılması mümkündür. Ola bilər ki, növbəti iki ilə ehtiyac olmasın. Strukturu görüb, daha sonra müzakirə etmək lazımdır. Bu gündən “Neftçi”nin Müşahidə Şurasında iştirakıma xitam verirəm. Kiminsə buraya gəlməsi AFFA-dakı tələblərdən, “Neftçi”dəki qərarlardan asılı olacaq. Azərbaycan futbolunun inkişafı naminə, tək “Neftçi” yox, digər klublarla müzakirələr apara bilərik. “Sabah”ın Masazırdakı stadionuna çox azarkeş gəlir. O təcrübənin onlardan öyrənilməsi çox yaxşı olardı. Klub atributunun satılmasında “Qarabağ” çox irəlidədir. Həmin klublarda çalışan mütəxəssislərin dəyərli fikirlərindən yararlanmaq çox yaxşı olacaq.

- “Xəzər Lənkəran” cəbhəsində son vaxtlar sıçrayış var. Onun Premyer Liqaya qayıtması AFFA-nın gündəmində var?

- Hələ ki, bu, müzakirə mövzusu deyil. Liqada olub-olmamasına AFFA qərar vermir, ədalətli rəqabət nəticəsində oyun meydançasında müəyyənləşir. Bu sual bizdən yox, komandaların uğurlu nəticəsindən asılı olan qərardır. İK-nın səlahiyyətləri müəyyənləşib. Hansı komandanın harada olması mandata daxil deyil.

- Baş məşqçinin təyinatı üçün son gün müəyyənləşib?

- Artıq baş verməli idi, müəyyən hüquqi məsələlərin müzakirəsinə görə uzanıb. Məşqçilərlə danışıqlar aparılıb. Məşqçilərin adını niyə səsləndirə bilmirəm? Çünki onlarla razılaşmaya əsasən, məxfi saxlanılır. Həmin məşqçilərin xahişinə görədir. Dekabrda bu proses başlanılıb. Əldə edilmiş razılıqlara hörmətlə yanaşırıq. Artıq açıqlanmalı idi. Hüquqi məsələləri qısa müddətdə yekunlaşdırmağa çalışacağıq. Milli qarşıdakı oyunlara hazırlıq görməlidir. Baş məşqçinin hazırlıq üçün vaxtı olmalıdır.

- İK-da futbol adamlarının sayı cəmi iki nəfərdir. Futbol adamlarının az olması nə ilə bağlıdır?

- Futbola bağlı olan insanların sayı cəmi iki deyil, icazə verin, razılaşmayım. Sabiq futbolçuların sayı ikidir. Amma futbol aləmində olan, futbola müxtəlif dövrlərdə bağlılığı olan, inkişafına töhfə verən insanlar cəlb ediliblər. Maliyyədən, infrastrukturdan, uşaq futbolunun, teleyayımın inkişafından, sponsorların cəlb edilməsindən danışırıq. Bütün bunlar müxtəlif sahələrdə müxtəlif bacarıq tələb edir. İK-nın üzvləri də futbola sevgisi olan insanlardır.

Daha çox foto burada:PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri