Apr
2024
18:34
174
9
2578
Virtual karabakh

Nizaminin şeirlərini əzbər bilən Göygölün sonuncu ALMAN SAKİNİ: Viktor Klaynın evindən FOTOREPORTAJ

3 Apr, 2024
18:34
2578

Nizaminin şeirlərini əzbər bilən Göygölün sonuncu ALMAN SAKİNİ: Viktor Klaynın evindən FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu rayonun küçələrini dolaşanda sanki özünü Almaniyada hiss edirsən. Yaşayış evləri, binaların əksəriyyəti alman memarlığı üslubunda inşa edilib. Hətta 19-cu əsrin əvvəllərində şəhərin adı da alman toponimi ilə adlandırılırdı - Yelenendorf.

Söhbət Göygöl rayonundan gedir.

Bizim.media-nın məlumatına görə, tarixdə almanların Azərbaycana ilk köçünün 1818-ci ilə təsadüf etdiyi bildirilir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Annenfeld, Xanlarda (indiki Göygöl rayonunda) isə Yelenendorf adlı iki koloniya salıblar. Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən Yelenendorf adı ilə salınıb. Rayonda 118 ailə məskunlaşıb. Burada alman memarlığı üslubunda 600-ə qədər ev tikilib, altı küçə salınıb. Orada ümumtəhsil məktəbi, uşaq bağçası, musiqi məktəbi fəaliyyət göstərib.

Bu gün isə onlardan dövrümüzə qədər gəlib çatan taxta eyvanları oyma sənəti ilə işlənmiş evlər, sakit və təmiz küçələr, gözəl təbiəti ilə seçilən Göygöl şəhəridir. Burada alman arxitekturası ilə tikilən və bu günümüzə qədər qorunub-saxlanan binalar hələ də var.

Göygölün sonuncu alman sakini kim idi?

Göygöldə yaşamış sonuncu almanəsilli Azərbaycan vətəndaşı isə Viktor Klayn olub. Atası polyak, anası alman olan Viktor 1935-ci ildə Yelenendorfda doğulub və 2007-ci ildə 72 yaşında vəfat edib. Onu yaxından tanıyanların sözlərinə görə, ulu babalarından qalan adət-ənənələri özündə saxlayan, almanlara məxsus quruluşa malik evi olan Klayn burada bir çox əşyaları eksponat kimi saxlayırmış.

“Pianoda ifa etməyi xoşlayan Viktor Klayn Rəşid Behbudovun fanatı idi. Ən çox sevdiyi mahnı isə dahi sənətkarın “Zibeydə” mahnısı olub. Azərbaycan dilində Nizaminin, Füzulinin şeirlərini əzbər bilirdi. Şərabçılığa da böyük marağı vardı. Onun evində bütün əşyaları qorunub-saxlanılır. Burada şərab çəkən aparatdan ta kənd təsərrüfatında istifadə etdiyi alətlərə qədər var. V.Klaynın babalarından qalan kitabxanası da qorunub-saxlanılır”.

Bu fikirləri Göygöl Mədəniyyət İdarəsinin turizm bələdçisi Raul Abbaszadə söyləyib. Onun sözlərinə görə, V.Klaynın evinin çox böyük zirzəmisi olub. Bütün almanlar kimi, o da həvəskar olaraq şərab hazırlamağı sevirdi. Evinin zirzəmisindəki palıd ağacından hazırlanan şərab çəlləklərinin hündürlüyü üç metrə çatırdı.

Bütün əşyalarına alman mədəniyyətinin ruhu hopan Viktor Klaynın evi bu gün muzey kimi fəaliyyət göstərir.

“Viktor Klayn həmin koloniyadan Göygöl rayonunda qalıb yaşayan sonuncu alman idi. Artıq 14 ildir ki, həyatda yoxdur. Lakin ondan geriyə qalanlar qorunub-saxlanılır. Çünki multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə, tarixi abidələrdə yaşayır”, - deyə Raul Abbaszadə vurğulayıb.

Alman koloniyalarından danışanda Raul müəllim maraqlı bir faktı da qeyd edib.

O, Klaynın evində olan telefon aparatını göstərərək onun 19 əsrin əvvəllərində, bəlkə də, Cənubi Qafqazda yeganə olduğunu bildirib:

“Bu gördüyünüz telefon 1910-cu ildə Klayn ailəsinin istifadə etdiyi aparatdır. Yelenendorfda yaşayan Forer qardaşlarının 19-cu əsrin əvvəllərində Samuxun Qarayeri qəsəbəsi adlanan ərazidəki heyvandarlıq təsərrüfatları ilə birbaşa telefon əlaqələri olduğu faktları da mövcuddur. Belə ki, onlar Yelenendorfdan birbaşa əlaqə ilə Samuxla danışırmışlar”.

Göygölün şərab zirzəmiləri

Abbaszadə vurğulayıb ki, hələ 19-cu əsrin əvvəllərində Yelenendorfda məskunlaşan almanlar bu ətrafda böyük təsərrüfatlar yaradıblar. Onlar bu bölgədə şərabçılığın əsasını qoyublar. Tarixi mənbələrə görə, o zamanlar Yelizavetpol vilayətinə İpək yolu vasitəsilə gələn avropalılar, tacirlər burada Forrer və Hummels qardaşlarının hazırladıqları şərabların dadına baxdıqdan sonra onu Avropanın və Rusiya imperiyasının bazarlarına çıxarıblar. Bundan sonra Yelenendorfda 1860-cı ildə ikinci böyük şərab zavodu inşa olunub.

Turizm bələdçisi Göygöl rayonu ərazisində dərinliyinə və hündürlüyünə görə seçilən, 1854-55-ci illərdə hazırlanmış çoxlu sayda zirzəmilərin olduğunu bildirir:

“Forrer qardaşları əvvəllər bu zirzəmilərdə şərab hazırlamaqla işə başlayıblar. Lakin sonradan ticarət böyüdükdən və tələbat artdıqdan sonra böyük şərab zavodu inşa edilib, həmin köhnə zavodun ərazisi isə şərabların saxlanılması üçün zirzəmi kimi istifadə olunub. İndi həmin zirzəmilərin xəritəsi hazırlanıb və orada bərpa işləri aparılır. Yaxın zamanlarda həmin zirzəmilərin ziyarət üçün turistlərin ixtiyarına verilməsi nəzərdə tutulur. Ümumiyyətlə, alman kolonistlərin Göygöldəki həyatı, hesab edirəm ki, hamı üçün maraqlı olacaq”, - deyə R.Abbaszadə əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri