13 
Fev
2020
15:51
455
24
6148
Virtual karabakh

Erməniləri məğlub edən Avropa çempionumuz: “Fərid Mansurov kəndlim və qohumumdur” - MÜSAHİBƏ

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Avropa çempionatının qızıl medalını qazanmış Sənan Süleymanovun Oxu.Az saytına müsahibəsi:

– İlk dəfə Avropa çempionu oldunuz. İndi Azərbaycanda hamı sizinlə maraqlanır. Özünüz barədə məlumat verərdiniz...

– Özüm Gürcüstanın Dmanisi rayonunun Qızılkilsə kəndində anadan olmuşam. Amma sonradan Bakıya köçmüşük. İkinci sinifdən etibarən Bakıda oxumuşam. Güləşə də Bakıda başlamışam. 

– Niyə güləşin sərbəst yox, məhz yunan-Roma növünü seçmisiniz?
 
– Yunan-Roma güləşini seçməyimin başlıca səbəbkarı Olimpiya çempionumuz Fərid Mansurov olub. Çünki o, həm kəndçimdir, həm də qohumumdur. O, 2004-cü ildə Olimpiya çempionu olduqdan sonra mən də özümü bu idman növündə sınamaq qərarına gəlmişəm.

– Yeniyetmə və gənclər üzrə dünya və Avropa çempionatlarında heç vaxt qızıl medal qazana bilməmisiniz. Ən yaxşı nəticəniz ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş 23 yaşadək güləşçilərin dünya çempionatında gümüş medal olub. Qızıl medalı birdən-birə böyüklərin Avropa çempionatında qazandınız. Sindromu qırdığınızı demək olarmı?

– Düz qeyd edirsiniz ki, heç vaxt yeniyetmə və gənclər arasında keçirilən mötəbər yarışlarda qızıl medal qazana bilməmişdim. Amma ən böyük arzum güləş döşəyində qələbə qazanıb, Azərbaycan bayrağı ilə dövrə vurmaq olub.

Şükür Allaha, bu yarışda bu sindromu qırıb, arzuma çatdım. İnşallah, qismət olsa, dünya çempionatında və Olimpiadada bu nəticəmi təkrarlayaram və bayrağımızı yüksəklərə qaldıraram.

– Adətən, belə qələbələrdən sonra bu sual verilir. Şablon olsa da, səsləndirəcəyəm: Qələbənizi kimə həsr edirsiniz?

– Qələbəmi başda ailəm olmaqla, bu uğuruma sevinən hər kəsə həsr edirəm.

– Avropa çempionluğunuzu daha çox məşhurlaşdıran məqam keçirdiyiniz beş görüşdən ikisində erməni idmançı üzərində qələbə qazanmağınız oldu. Bu görüşlər zamanı üzərinizdə psixoloji təzyiq hiss etmirdiniz?

– İlk görüşüm Bolqarıstanı təmsil edən erməni güləşçisi Aik Mnatsakanyana qarşı idi. Erməni olduğuna görə yox, həm ilk görüşümün olması, həm də rəqibin 72 kq-da son iki dünya və son Avropa çempionatının bürünc medalçısı olması məni bir qədər həyəcanlandırırdı. Çünki ondan fərqli, böyüklərin yarışında təcrübəm az idi. Amma şükür olsun ki, rəqibimi 5:3 hesabı ilə məğlub edə bildim.

Yarımfinalda qarşılaşdığım Karapet Çalyan isə Ermənistanı təmsil edirdi. O da qitə çempionatının mükafatçısı, II Avropa Oyunlarının finalçısı idi. Üstəlik, fiziki cəhətdən digər rəqiblərdən güclü idi. Amma artıq bu görüşdə özümə inamım böyük idi və ona 3:0 hesabı ilə qalib gəldim.

– Sizin çıxış etdiyiniz 77 kq çəki dərəcəsində dünya və Avropa çempionumuz Həsən Əliyev çıxış edir. Həmçinin, dünya və Avropa çempionatlarının mükafatçısı Elvin Mürsəliyev bunadək əsas millinin üzvü sayılırdı. Sizcə, martda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək lisenziya yarışına sizin getmək şansınız nə qədərdir? 

– Bəli, hər iki idmançı 77 kq çəki dərəcəsində çıxış edir. Buna məşqçilər və federasiya rəhbərliyi qərar verməlidir. Onlar kimi layiq bilərsə, martda lisenziya yarışına da o gedəcək. Açığı, bu yarışdan sonra mən bildim ki, həyatda hər şey mümkündür.

Heç kim məndən medal gözləmirdi. Açığı, heç özüm də çempion olacağımı gözləmirdim. Buna baxmayaraq, necə lazımdırsa mübarizə aparıb, Avropa çempionu ola bildim.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri