“İki oyunda məğlub olduq və 9 qol buraxdıq. Amma güclü komandalara - Avstriya və İsveçə qarşı oynamışıq”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.
O, səhvlərdən dərs çıxarmalı olduqlarını söyləyib:
“Matçları analiz etsək, bəzi hissələrdə yaxşı çıxış etdiyimizi görərik. İndividual səhvlər olub və bunlar bizə baha başa gəlib. Böyümək istəyirsənsə, belə səhvlər dərs olmalıdır”.
İtaliyalı mütəxəssis əvvəlki oyunlardakı taktikaya sadiq qalacağını söyləyib:
“Son 7 matçdakı sistemlə oynayacağıq. Bununla yaxşı nəticə göstərmişik, güclü komandalara qarşı 5 qələbəmiz olub”.
67 yaşlı çalışdırıcı seçmə mərhələdə ilk qələbəni qazanmaq üçün sabah əllərindən gələni edəcəklərini deyib:
“Uşaqların böyük istəyi var. Biz ağır rəqibə qarşı oynayacağıq. Aqressiv, güclü komandadır, onlarda mövsüm davam edir. Əlimizdən gələni edəcəyik ki, ilk qələbəni qazanaq. Onlardan daha çox qaçmalıyıq. Estoniyanın Avstriyaya qarşı oyununu izləmişəm. Yaxşı çıxış ediblər. Amma futbol riyaziyyat deyil. Hər oyun fərqlidir. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.
De Byazi əvvəlki matçlarda qeydə alınan uğursuz nəticələrin səbəblərini açıqlayıb:
“Bəzi oyunçular bu səviyyədə oynamağa öyrəşməyiblər. Bir çox epizodlarda vəziyyəti gec oxuyuruq. Rəqibin oyunçuları böyük klublarda çıxış edirsə, bu çətinliklər daha qabarıq görünür”.
Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan - Estoniya matçı saat 20:00-da başlayacaq.
Daha çox foto burada: PhotoStock.az
Faiq Tahirov