"Üzüm və Şərab Festivalı" teqi üzrə xəbərlər

Azərbaycanın qədim şəhəri Şamaxıda Üzüm və Şərab Festivalı keçirilir. Bu festival yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərabçılıq tarixinin, bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılması məqsədi daşıyır.

"Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanırlar. Onlara müxtəlif əyləncə və şou proqramlar təqdim olunur.

Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil edilir, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılır. Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablarını nümayiş etdirir, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə bilirlər.

Tarixə nəzər salsaq, Azərbaycanda üzümçülük və şərabçılığın qədim dövrlərdən inkişaf etdiyini görərik. Arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, qədim yazılı mənbələr bu ərazilərdə hələ eramızdan əvvəl üzüm becərilməsi və şərab istehsalı ilə məşğul olunduğunu sübut edir.

Üzüm və Şərab Festivalı həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir. Azərbaycanda ənənəvi təşkil olunan bu festival yerli sakinlərin və turistlərin böyük marağına səbəb olur.

Festivalın məkanı kimi Şamaxının seçilməsi də təsadüfi deyil. Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı mühüm addımlar atılır, dövlət proqramları icra edilir. Üzüm və Şərab Festivalı kimi tədbirlər isə dövlətin bu istiqamətdəki siyasətinə önəmli dəstəklərdəndir.

Ən çox axtarılanlar