Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Qagik Aşotoviç Voskanyan barəsində hökm elan edilib.
Oxu.Az-ın məlumatına görə, Abdulla Məmmədov bildirib ki, hökmə əsasən, Voskanyan barəsində 18 il azadlıqdan məhrumetmə cəzası təyin edilir.
15:30
Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Aşotoviç Voskanyan məhkəmədə son söz deyib.
Oxu.Az-ın məlumatına görə, o, yalvardığını və məhkəmənin ədalətli qərar verəcəyinə ümid etdiyini bildirib.
15:23
Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Aşotoviç Voskanyanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Müşviq Rəhimov təqsirləndirilən şəxsə iş istəyib.
Prokuror Voskanyanın ittiham olunan iş üzrə cinayətlər törətməsinin sübuta yetirildiyini bildirib.
O, Voskanyana 18 il azadlıqdan məhrumetmə cəzası istəyib.
15:06
Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Aşotoviç Voskanyanın cinayət işi üzrə məhkəmə prosesində məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, fasilə elan edilib. Fasilədən sonra dövlət ittihamçısı, vəkil və təqsirləndirilən şəxs çıxış edəcəklər.
10:51
Məhkəmə prosesində dövlət ittihamçısı Müşviq Rəhimov cinayət işi üzrə ittiham aktını oxuyur.
10:43
Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Aşotoviç Voskanyanın cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası başlayıb.
Oxu.Az-ın məlumatına əsasən, işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə baxılır.
Məhkəmə prosesində Tofiq İsmayılov, Elvin Hüseynzadə, İsrafil Məmmədov, Xəyal Daşdəmirov, Əli Kərimov zərərçəkmiş qismində özlərini təqdim ediblər.
Qeyd edək ki, zərərçəkmişlər hərbçilərdir.
08:58
Bu gün Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Aşotoviç Voskanyanın cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçiriləcək.
Oxu.Az-ın məlumatına əsasən, işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə baxılacaq.
Q.Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edəcək.
İş üzrə 5 nəfər zərərçəkmiş var.
Qeyd edək ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.
Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Qaqik Aşotoviç Voskanyan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha çox şəkil burada: PhotoStock.az
Rəylər