10 
İyl
2020
15:24
34
95
2811
Virtual karabakh

Mixail Yefremovun işi ilə bağlı azərbaycanlı vəkil intizam məsuliyyətinə cəlb edildi

Rusiyanın Əməkdar artisti Mixail Yefremovun işində iştirak edən hüquq müdafiəçiləri vəkil etikasını pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunublar.

TASS-ın məlumatına görə, Rusiya Federal Vəkillər Palatasının (FVP) mətbuat xidməti bu barədə xəbər yayıb.

Qeyd edək ki, məhkəmədə zərərçəkmişlərin hüquqlarını Moskva Vəkillər Kollegiyasının vəkili Aleksandr Dobrovinski, Mixail Yefremovun hüquqlarını isə Şimali Osetiya Vəkillər Palatasının vəkili, azərbaycanlı Elman Paşayev müdafiə edir.

FVP vəkillərin aktyorun məhkəmə işindən özlərini reklam etmək üçün istifadə etdiklərini bildirərək, onların mediada, radioda və televiziya kanallarında çoxsaylı müsahibələrindən, məsələyə münasibət bildirmələrindən, çıxış etdikləri müxtəlif televiziya proqramlarında vəkil sirlərini açıqlamalarından və vəkil peşəsinin mahiyyətinə uyğun olmayan fikirlər səsləndirmələrindən narahatlığını ifadə edib.

Bununla əlaqədar olaraq, FVP vəkil cəmiyyətinin korporativ mədəniyyəti özünü reklamı rədd etdiyini xatırladıb.

“Hüquqi nihilizm, hər cür təcavüz, nifrət və dözümsüzlük vəkil ifadələrinə yad olmalıdır. Vəkil açıqlama və şərhlərdə peşəyə xas olan təmkinini, ehtiyatı və nəzakəti daim nümayiş etdirməlidir”, - deyə FVP-dən bildirilib.

Xatırladaq ki, iyunun 8-də M.Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşı zolağa çıxıb və mikroavtobusa çırpılıb, sonuncunun sürücüsü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Aktyorun özü xəsarət almayıb. O, avqustun 9-dək ev dustaqlığına göndərilib.

Rusiyanın Əməkdar artisti RF Cinayət Məcəlləsinin “səhlənkarlıq nəticəsində bir insanın ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozma” maddəsi ilə ittiham olunur. Bu maddə üzrə maksimum cəza 12 il müddətinə həbsdir.

Mixail Yefremov baş verən ölümcül qəzada özünü təqsirli bilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri