“Sonradan bir-birimizə səsimizi qaldırdıq və bu da fiziki şiddətə gətirib çıxardı”.
Şahzadə Harri öz xatirələrində qardaşı, Britaniya taxt-tacının varisi, şahzadə Uilyamla dava etməsindən danışıb.
“The Guardian” qəzetində Harrinin “Spare” (“Ehtiyat”) avtobioqrafik kitabından çıxarışlar dərc edilib.
Bildirilib ki, hadisə 2019-cu ildə Londonda baş verib.
Memuar müəllifinin sözlərinə görə, ailə münaqişəsinə səbəb Uilyamın Harrinin həyat yoldaşını təhqir etməsi olub. Uilyam amerikalı aktrisa Meqan Marklı “ağır, kobud və sərt” adlandırıb və bunun fonunda mübahisə alovlanıb. Sonradan qardaşlar bir-birilərinə səslərini yüksəldiblər və bu da fiziki şiddətə gətirib çıxarıb. Harri deyib ki, Uilyam onun yaxasından tutub, boyunbağısını qoparıb və onu yerə yıxıb.
“Mən itin yemək qabının üzərinə yıxıldım. Qab kürəyimdə çatladı, qırıntılar bədənimə batdı. Bir müddət orada yerdə uzanmış vəziyyətdə qaldım, mat-məəttəl halda idim, sonra ayağa qalxdım və ona rədd olmağını dedim”, - deyə Harri qeyd edib.
O əlavə edib ki, Uilyam uşaqlıqda baş verən davalarını ona xatırladıb və israr edib ki, həmin davaların “əvəzini versin”. Lakin Harri bundan imtina edib. Sonra Uilyam gedib, lakin tezliklə geri qayıdaraq üzr istəyib. Həmçinin Harriyə hadisə barədə həyat yoldaşına danışmamağı tövsiyə edib.
Mənbə: TASS
Rəylər