Günay Malikqızı yazır...
18 yaşımın tez olmasını istəyirdim. İstəyirdim, seçkilərdə səs verim. O vaxtdan bəri istər bələdiyyə, parlament, istərsə də prezident seçkilərində həmişə seçki məntəqəsinə gedib səsvermə hüququmdan istifadə etmişəm.
Əgər 18 yaşımda bu gənclik romantikası, tez böyümək, seçici statusu qazanmaq istəyi ilə bağlı idisə, illər keçdikcə səsvermə hüququndan istifadənin nə dərəcədə lazımlı olduğunu dərk etdim.
Seçki məntəqəsinə gedib səs vermək mənim üçün bir neçə səbəbdən vacibdir.
Birincisi, hakimiyyətin mənbəyi xalqdır və səsvermə hüququ olan hər bir kəsin bu hakimiyyətin kiçik bir parçasına sahib olması deməkdir.
Seçki vasitəsilə bizlərdən hər biri özünün kiçicik hakimiyyət parçasını istədiyi namizədə ötürə bilir.
Sonra səsverməyə gələrək, vətəndaş özünün mövqeyini ortaya qoymuş olur.
Düşünün, səs verərək siz bir məmnuniyyət hissi yaşayırsınız – nə isə etdiyinizdən doğan məmuniyyət hissi. Bu hiss əvəzedilməzdir.
Hə bir də əsas məqam, əgər siz səsvermədə iştirak etməmisinizsə, onda sizin onun nəticələrilə bağlı narazılıq bildirməyə də mənəvi haqqınız yoxdur. Axı biz narazılıq etməyi sevirik.
Biganəliyimizdən, tənbəlliyimizdən danışmarıq, amma, olur-olmaz narazılıqlar edərik.
Özünüzü motivə etmək üçün gəlib səsvermədə iştirakınızı sanki milyonlarla respondentin iştirak etdiyi sorğu kimi təsəvvür edin.
Hakimiyyət xalqın ona münasibətini öyrənmiş olur və bu onu vətəndaşların istəklərinə uyğun şəkildə korrektələr etməyə sövq edir.
Və ən nəhayət, siz səs verməklə seçki prosesinin şəffaflığına, obyektivliyinə əvəzsiz töhfə vermis olursunuz.
Odur ki, seçkilərdə iştirak etmək, səsvermə hüququnu gerçəkləşdirmək bizim vətəndaş borcumuzdur və mən yenə də fevralın 9-da seçki məntəqəsinə gedib öz namizədimə səs verəcəyəm.
Hə, bir də indi qızımla gedirəm məntəqəyə, məncə, o da 18 yaşlı bir gənc kimi səs verəcəyi günü çox gözləyir. Qısası, sizi də səsvermədə fəal iştirak etməyə səsləyirəm!