Ötən gündən başlayaraq, metronun “20 Yanvar” stansiyasındakı ticarət obyektlərinin söküntüsünə başlanıb.
Bildirilir ki, keçiddə ticarətlə məşğul olan sahibkarlara avqustun 1-dək vaxt verilib və bundan sonra bütün köşklər yığışdırılacaq.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən münasibət öyrənilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, söküntü aparılan ərazi Metropolitenin tabeliyində olmadığı üçün onlarda bu barədə məlumat yoxdur:
“Bizim ərazimizə daxil olan yerlərdə bütün ticarət obyektləri söküldü. Həmin yer isə piyada keçidi olduğu üçün Bakı Metropolitetinin ərazisinə daxil deyil”,- deyə, qurumun sözçüsü əlavə edib.
Qeyd edək ki, Zaur Hüseynov Bakı Metropoliteninə rəis təyin olunduqdan sonra “20 Yanvar”dan başqa bütün stansiyaların keçidlərindəki ticarət obyektləri yığışdırılmışdı. Onların bir qismi ayrı-ayrı ticarət mərkəzlərində yerlə təmin olunublar.