Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları və onlara dair qeydlər təsdiq edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı əmri elm və təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Firudin Qurbanov imzalayıb.
Təsdiq edilmiş yeni tədris planına əsasən, bəzi siniflərdə bir sıra fənlər üzrə dərs saatlarının sayı artırılıb və azaldılıb.
Tədrisi Azərbaycan dilində olan ümumi təhsil müəssisələrində I və II siniflərdə Azərbaycan dili fənni üzrə dərs saatı bir saat artırılıb, X və XI siniflərdə isə bir saat azaldılıb.
Kimya fənni üzrə IX sinifdə dərs saatı bir saat artırılıb.
Tədrisi ingilis dilində olan ümumi təhsil müəssisələrində Azərbaycan dili fənni üzrə VIII sinifdə dərs saatı bir saat artırılıb, X sinifdə isə iki saat azaldılıb.
Tədrisi Azərbaycan dilində olan və ləzgi dili öyrədilən ümumi təhsil müəssisələrində xarici dil fənni üzrə I və II siniflərdə dərs saatı bir saat artırılıb, X və XI siniflərdə isə bir saat azaldılıb.
IX sinifdə həyat bilgisi fənni üzrə dərs saatı bir saat artırılıb.
Tədrisi ingilis dilində olan və ləzgi dili öyrədilən təhsil müəssisələrində Azərbaycan dili fənni üzrə VIII sinifdə dərs saatı bir saat artırılıb. İkinci xarici dil fənni üzrə X sinifdə dərs saatı iki saat azaldılıb. Kimya fənni üzrə IX sinifdə isə dərs saatı bir saat artırılıb.
Əmrin icrasına nəzarət isə nazir müavini Həsən Həsənliyə həvalə edilib.