Azərbaycanda bir istehsalçıya məxsus içməli suyun bir litrinin qiyməti digər istehsalçıya məxsus eyni miqdarda sudan 25 dəfə çoxdur.
Bir halda suyun qiyməti 40 qəpik, digər halda isə 10 manatdır. Hər iki halda suyun tərkibinə hidrogen və oksigen daxildir. Onların arasında yeganə fərq ondan ibarətdir ki, birinci halda su plastik butılkalarda, ikinci halda isə şüşə butılkalarda satılır. Lakin bu da qiymətdəki bu fərqi doğrultmur. Belə anormal vəziyyət duzun qiymətində də müşahidə olunur. Duzun tərkibinə natrium və xlor daxildir. Azərbaycanda bir kiloqram duzu 30 qəpiyə də, 10 manata da almaq olar.
Bu barədə “Exo”ya Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, AİB dəfələrlə bu məsələni dövlət orqanlarının qarşısında qaldırıb:
“Biz eyni tərkibli məhsulun qiymətindəki belə anormal fərqə gətirən səbəbi tapmağa çalışırdıq”.
E.Hüseynovun bu məsələ ilə bağlı öz rəyi var:
“Əgər məsələyə alıcı nöqteyi-nəzərindən baxsaq, ölkədə alıcılıq imkanları kəskin fərqlənən iki təbəqə var. Azərbaycanda xaricdən çörək gəlməmiş səhər yeməyinə başlamayan insanlar var. Məhz həmin varlı insanlar bahalı suya tələbat yaradır. Məsələnin digər tərəfi də var.
Bizə məlum olub ki, bəzi supermarketlər sivil ticarətin əvəzinə, ticarət piştaxtalarının satışı ilə məşğuldurlar. Adi hərrac gedir. Bir istehsalçı piştaxtaya görə ayda 500 manat, digəri 1000 manat təklif edir. Nəticədə daha çox pul verən piştaxtaya yiyələnir. Buna görə də, hətta tələbat olmayan bahalı məhsulların bazara yol tapmasına təəccüblənmək lazım deyil. Bahalı məhsul istehsalçısı supermarketdə eyni qrupdan olan başqa məhsulun satılmaması üçün piştaxtanı alır və bu barədə göstəriş verir” – deyə, E.Hüseynov vurğulayıb.
Öz növbəsində, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun “Exo”ya bildirdiyinə görə, bir tərəfdən içməli suyun qiymətindəki fərq onun keyfiyyəti, digər tərəfdən istehsalçının texnoloji imkanları ilə bağlıdır. Onun sözlərinə görə, adətən keyfiyyətli suyun qiyməti yüksək olur.
“Eyni zamanda, ənənəvi istehsalçılardan olan şirkətlərin istehsal etdiyi içməli suyun qiyməti ucuz olur. İş ondadır ki, bu şirkətlər işlədikləri sahə üzrə bütün dünyada tanınırlar və bundan çıxış edərək, suyun istehsalı, emalı üzrə yüksək inkişaf etmiş texnologiyalara sahibdirlər. Bu, onlara keyfiyyətli suyu daha aşağı qiymətlə istehsal etməyə imkan verir.
Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, əhalinin gəlirlərinin artımı bahalı məhsullara, o cümlədən içməli suya tələbatı artırıb, V.Bayramov hesab edir.
“Baha qiymətə satılan bu suyun əsas hissəsi ölkəyə idxal olunur. Bu sahədə məşğul olan şirkətlər ölkəyə alıcıların tələbatına cavab verən məhsullar, o cümlədən də su idxal etməyə çalışır. Məhz bu səbəbdən, bəzən içməli suyun qiymətində bu qədər fərq müşahidə olunur” – deyə, V.Bayramov bildirib.
Exo
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin