Nə qədər maarifləndirici sujetlər hazırlansa, nə qədər yol polisi reyd keçirsə də toy karvanlarında qəzalar hələ də davam edir. Bəs insanlar özlərinin və yaxınlarının, sevdiklərinin həyatlarına niyə belə biganədilər? 5-10 dəqiqəlik şou onların bütün sevdiklərinin həyatından dahamı dəyərlidir?
Oxu.Az xezerxeber-ə istinadən xəbər verir ki, yol polisi toy karvanlarında qayda-qanuna riayət edilməsi ilə bağlı sürücülərə növbəti dəfə xəbərdarlıq etdi.
Toy karvanında hərəkət edən bu maşının sürücüsü avtomobili gah sağa, gah da sola döndərərək şou göstərməyə çalışır. Ancaq qəfil baş verəcək toqquşma nəinki həmin sürücünün, hətta onun yaxınlarının da ölümü, ya da ağır xəsarət alması ilə nəticələnə bilər.
Bu kadrları izlədikdən sonra isə yəqin çoxlarını bir məsələ düşündürür. Bir neçə dəqiqəlik şou bu sürücü üçün həqiqətənmi ona valideynlərindən, dostlarından, sevdiklərindən dahamı önəmlidir? Axı hər saniyəsi təhlükə saçan bu hərəkətlərin ziyandan, xətadan başqa nə xeyri ola bilər? Sürücülərin bu özbaşınalıqlarının qurbanı isə arzuları torpağa tapşırılan günahsız uşaqlar, qadınlar və həyatının ən gözəl anlarına dayan!- deməli olan gənclər olur. Yol polisi toy karvanında sürücülərin çoxlu sayda qaydaları pozduğunu diqqətə çatdırır. Halbuki, bəlkə də adi halda bu qaydalar ayda bir dəfə pozulur.
Son bir ayda yol polisi təkcə Bakı şəhəri üzrə 30 toy karvanında qanunsuz faktları aşkarlayaraq inzibati cəza tədbirləri görüb. Ancaq yəqin toy karvanlarında qəzalar burda iştirak edən sürücülərin nəyi nəyə qurban verdiklərini anlayana qədər davam edəcək. Arzu edirik ki, sürücülər daha dəyərli olanı seçəcəklər.