Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
56 ilin saatsazı: “150 minlik saatı mənə əmanət ediblər” - MÜSAHİBƏ + FOTO
“Bu günə qədər bərpa edə bilmədiyim saat olmayıb. Elə şey ola da bilməz”.
Bunu Oxu.Az-a müsahibəsində saatsaz Ələkbər Ələkbərov deyib.
Müsahibəni təqdim edirik:
- Ələkbər bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
- 1946-cı ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşam.1965-ci ildə əsgərliyə getdim. Əsgərliyi üç il Lvovda oldum. Əsgərlikdən qayıtdıqdan sonra Rusiyaya üz tutdum. Orada oxuyub, yaşadım. 23 il Rostovda yaşadım. Elə həmin vaxtdan saat zavodunda çalışmağa başladım. 1990-cı ildə Bakıya gəldim.
- Rusiyada yaşamağa başlayandan saatsaz olaraq işə düzəldiyinizi dediniz.
- Tanış var idi. Peşə məktəbinə getdim. Daha sonra da zavodda qalıb, işlədim. Marağım əvvəldən var idi. Zavodda 22 nəfər işçim var idi. Həm zərgər, həm də saatsaz işini bilirəm. Anama görə, Bakıya qayıtdım.
- Bir qədər saatsaz sənətinin sirlərini açmanızı istərdim.
- Saatın sirlərini açmaq bir qədər çətindir. Saat, ümumiyyətlə, çətin bir məsələdir. Öyrənib, işləyirəm. 56 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Hazırda çalışdığınız antik təmirxanada neçə ildir fəaliyyət göstərirsiniz? Təmirxananız maraqlı dizayna malikdir. Buranı belə hazır icarəyə götürmüsünüz?
- 1990-cı ildən bu təmirxanadayam. Təmirxananın dizaynını özüm hazırlamışam. Hər işi özüm etdim. Sıfırdan başlamışam. Hər zaman tək çalışmışam. Yanımda kimsə olmayıb.
Təmirxana, gördüyünüz kimi, sakit yerdədir. Sırf sakit yer olduğu üçün buranı seçdim. Mənə deyirdilər ki, iş olmayacaq. Dedim baxarsınız. Mən özüm buranı seçdim. İş çoxdur. Sənətkarı axtarıb, tapırlar. Çətin saatları düzəldən yoxdur. Qızıl saatlar da gətirirlər.
- Tələbəniz olub?
- Tələbəm olub. Bir tələbəm var idi. İndi televiziyadadır. O çox yaxşı öyrənmişdi. Elektron saatları yaxşı düzəldirdi. Mühitə öyrəşə bilmədi. Gənc idi. Səbri çatmadı. Üç tələbəm olub.
Sənətimi oğluma da ötürmüşəm. Ali təhsillidir. Amma burada mənimlədir. Kimə qalacaq, işləsin. Tələbələrimə hər sirri öyrədirəm. Bu iş səbir tələb edir. Birdən elə saat gəlir bir gün otururam üstündə. Ac-susuz. Düzəltməmiş yemək də yemirəm. Qurtarandan sonra rahat otururam.
- 23 il Rostov şəhərində fəaliyyət göstərmisiniz. Oradakı müştərilər ilə bizim fərqimiz nədir?
- Məni orada da çox istəyirdilər. Orada da yaxşı işləmişəm. Ümumiyyətlə, mən işləyən adamam. Mənə görə, bura yaxşıdır. Öz millətimizdir.
Rəhbərim yoxdur. Amma 56 ildir ki, 07:00-da işdə oluram. Saat 18:00-a qədər fəaliyyət göstərirəm.. Sənətimi çox sevirəm.
- Maraqlıdır, müştəriləri necə cəlb edirsiniz? Bir gələn yenə gəlir?
- Müştərilər özləri gəlirlər. Hər biri məni çox istəyir. Hər yerdən müştərilərim var. Gəncədən, Sumqayıtdan. Gələn çoxdur. Müştərisiz günüm yoxdur. Bir gələn yenə də gəlir. Hələ üstəlik başqasına da deyir. O da gəlir. Bu işi bacarıram.
- Oğlunuz reklam olunmağı sevmədiyinizi bildirdi. Səbəb nədir? Reklama ehtiyacınızın olmadığını düşünürsünüz?
- İllər əvvəl təkliflər olub, qəbul etməmişəm. Reklama ehtiyacım yoxdur. Haqqımda neçə dəfə yazıblar. Reklam edib nə qazanacağam ki...
- Sosial şəbəkələrdə paylaşımları kim edir?
- Oğlum edir. Mənim başım çıxmır.
- Bərpa edə bilməyib məyuslandığınız saat olubmu?
- Məndə olmayıb. Bu günə qədər bərpa edə bilmədiyim saat olmayıb. Elə şey ola bilməz..
- Ən bahalı və ən ucuz hansı saatları təmir etmisiniz?
- Ən bahalı 150 minlik saat gəlib. 150 minlik saatı mənə əmanət ediblər. Yanımda adam dayanıb, düzəltmişəm, aparıblar. 30-40 minlik saatlar gəlir. Qızıl və gümüş də təmir edirəm. Buraya nasaz gələn saz gedir.
Ən ucuzunun qiymətini unutmuşam. Hər tip saat gəlib. Yaponiyadan, Çindən, Rusiyadan, hər ölkədən saat gəlir. Hər növ saat gəlir. Hamısını düzəldirəm. Bunların içərisində böyümüşəm. İş prosesini izah edə bilmərəm. İzah etmək mümkün deyil. Hamısı beynimdədir. Sirr veriləsi deyil. Sırf xarabları düzəltmirəm. Saat da yığıb, hazırlayıram.
- Heç olubmu ki, bu işdən bezdiyinizi hiss edəsiniz?
- Heç vaxt bezməmişəm. Olsa, burada nə işim var. Mənim taylarım dincəlir. Mən dincəlmirəm. Günüm ancaq saatdır. Saata bağlıyam.
- Məşhur simaların da sizə üz tutduqlarını dediniz.
- Məşhurlardan Arif Quliyev bura tez-tez gələrdi. İlqar Muradov da gəlir. Sənət adamları, nazirlər də bura üz tuturlar.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər