"İmtahandan sonra qapalı sualları yoxladıqda doğru cavablandırdığımı görmüşdüm, sadəcə açıq suallara tam bal verilib-verilməyəcəyindən əmin deyildim. 700 bal topladığımı öyrəndikdə çox sevindim".
Bu sözləri Oxu.Az-a açıqlamasında IV ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanından maksimal bal (700) toplayan 272 saylı tam orta məktəbin məzunu Sona Məmməd qızı Nurməmmədli deyib.
O, 10-cu sinifdə oxuyarkən III Bakı Elm Olimpiadasında iştirak edərək kimya və biologiya fənləri üzrə bürünc medalla təltif olunub:
"700 bal toplayanda da çox sevindim. Çox şadam ki, məni dəstəkləyən valideyn və müəllimlərimin ümidlərini doğrulda bilmişəm".
Sona Nurməmmədli təhsilini Azərbaycan Tibb Universitetinin tibb fakültəsində davam etdirmək istəyir:
"Məqsədim öz sahəmin savadlı, peşəkar və vicdanlı nümayəndəsi olmaqdır".
O imtahana hazırlaşdığı dövr ərzində ən çətin məsələnin vaxt bölüşdürmək olduğunu vurğulayıb: "Qrafikimi xüsusi dəqiqliklə qurmağa çalışırdım ki, bütün fənlərə kifayət qədər vaxt ayıra bilim".
Sona Nurməmmədli abituriyentlər üçün də tövsiyələrini bölüşüb: "Abituriyentlər qarşılarına məqsəd qoyaraq planlı şəkildə bu məqsədə çatmaq üçün çalışsınlar və çətinliklərə baxmayaraq öz məqsədlərindən dönməsinlər".
Qeyd edək ki, iyulun 24-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Aygün Mirakif