Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
800 min manatlıq təqaüd qazanan gənc: "Məqsədim elm sahəsində faydalı olmaqdır"
Məzun olduqdan sonra oxumağı dayandıran, inkişafı üzərində işləməyən insanı sabahın işsizi adlandırır. Uşaq yaşlarından keçirdiyi boş vaxt onun ən böyük itkisi olub. İkinci kursdan xarici jurnallarda elmi məqaləsi çap olunub. Bu əzmi, çalışqanlığı sayəsində bakalavr səviyyəsindən ABŞ-nin Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya qəbul olub. Nüfuzlu ali təhsil ocağında kimya mühəndisliyi ixtisası üzrə təhsilini davam etdirəcək həmsöhbətimizin təqaüdü isə 800 min manatdır.
Söhbət Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin kimya mühəndisliyi ixtisasının məzunu və ABŞ-də 800 min manatlıq təqaüdün sahibi Turqut Əfəndidən gedir.
"Kaspi" qəzetinin Turqut Əfəndi ilə müsahibəsini təqdim edirik:
"Şanslıyam..."
Sumqayıtda anadan olub. Atası mühəndis, anası müəllimdir. Deyir ki, uşaqlıqdan elmi araşdırmalara maraq göstərib, insanlığa yararlı ola biləcək kəşflər üzərində işləməyi xəyal edib. Ailəsi də onu dəstəkləyib və fikirlərini sərbəst ifadə etməyə imkan yaradıb: "Seçimlərimdə azad idim. Bu baxımdan özümü şanslı hesab edirəm. Əgər bir insan fərd olaraq fikirlərini ifadə etməkdə çətinlik çəkirsə, mənə görə onun gələcəyi və verəcəyi qərarlar də sual altındadır. Hər zaman istədiyimi ailəmdən rahatlıqla tələb edə bilmişəm. İxtisas seçimində də ailəmin təzyiqi olmayıb, daim məni dəstəkləyiblər. Bugünkü nailiyyətimin arxasında onların mənə güvənməsi və fikirlərimə hörmət etməsi dayanır".
"Mühəndisləri olmayan ölkə inkişaf etməz"
Turqut bildirib ki, kimya mühəndisliyinə dünyada və ölkədə tələbat olduğu üçün yönəlib:
"Uşaqlıqda elmlə çox maraqlanırdım. Əlimə nə kitab keçsə oxuyur, internetdən kəşflərlə bağlı videolar, filmlər izləyirdim. Həmişə elmi karyera qurmaq istəmişdim. Arzularımı kimya mühəndisliyi ixtisası ilə reallaşdıra biləcəyimi düşündüm. Çünki kimya özündə fizika, biologiya, riyaziyyat kimi elmləri də ehtiva edir. Bundan əlavə, bu ixtisasın həm elmi tərəfi var, həm də mühəndislik. Peşəmi gələcəkdə istədiyim kimi yönləndirə bilərəm".
O vurğulayıb ki, mühəndisləri olmayan ölkə heç vaxt inkişaf edə bilməz:
"Bu ixtisas sənayedə mühüm rola malikdir. Məsələn, buğda istehsal edib sata bilərik, amma buğdanın kilosundan qazandığımız gəlirlər, motor istehsal edib satdıqda qazanacağımız gəlirdən azdır. Kimya mühəndislərinin sənayedə rolu danılmazdır. Bu gün ətrafımızda gördüyümüz hər sahənin bu peşə ilə əlaqəsi var".
"Universitetə qəbul olmamaq qara ləkə deyil"
Turqutu narahat edən digər məsələ peşə seçimi ilə bağlı valideynlərin övladlarına təzyiq göstərməsidir.
Deyir ki, insanı irəli aparan öz sevdiyi peşədə təhsil almaq və üzərində işləməkdir: "Hər bir valideyn istəyir ki, övladı həkim, müəllim olsun və ya maliyyə sektorunda işləsin. Amma valideynlər öz arzularını reallaşdırmaq üçün övladlarına lazımsız basqı göstərirlər. Bu da onların psixologiyalarına neqativ təsir göstərir. Hətta universitetə qəbul olan tələbəyə belə, topladığı balla bağlı iradlar bildirilir. Əgər bir tələbə universitetə qəbul olubsa, yığdığı balı heç vaxt, heç kim soruşmur. Bundan sonra inkişaf tələbənin əlində olur. Əgər 680-700 balla universitetə daxil olan tələbə 4 il ərzində özünü inkişaf etdirməyibsə, karyerasında uğurlu olmaq şansı azdır. Yəni DİM, YÖS balı və özümüzü inkişaf etdirmədən aldığımız diplom bizi uğurlu etmir. Nəinki təhsil aldığımız dövrdə, müasir dövrdə məzun olduqdan sonra da oxumağı buraxan şəxs sabah cahil və işsiz qalır. Buna görə də insan ömrünün sonuna qədər öyrənməli, araşdırmalı və üzərində işləməlidir. Təbii ki, universitetə qəbul ola bilməyən insanlar da var. Bu da həyatın sonu deyil. Çünki indiki dövrdə o qədər lazımlı peşələr var ki, orada universitet təhsili əsas deyil. Yəni universitetə qəbul olmamaq qara ləkə hesab olunmamalıdır".
"Sahədə işləyən mühəndislərdən dərs aldıq"
Azərbaycan universitetləri yüksək səviyyəli kimya mühəndisi yetişdirirmi sualına gəldikdə isə, həmsöhbətimiz vurğulayıb ki, o, Bakı Mühəndislik Universitetində sahədə işləyən mühəndislərdən dərs alıb:
"Bizim universitet digərlərindən fərqli olaraq, elmi karyerası olan müəllimlərlə yanaşı, sahədə işləyən mühəndisləri də müəllim kimi dərs keçməyə, real təcrübələrini bölüşməyə gətirdi. Bu sahəni sevməyimdə, inkişafımda bunun rolu çox böyükdür. Çünki biz işin nəzəri tərəfi ilə yanaşı, sənayeni də çox yaxşı öyrəndik. Amma bir çox universitetdə sahə görən müəllim işləmir".
"Bu təqaüd həm də böyük məsuliyyətdir"
Turqut ABŞ-nin nüfuzlu universitetində bakalavr pilləsindən birbaşa doktoranturaya qəbul olub. Bildirib ki, bu, çox çətin prosesdir, amma mümkünsüz deyil:
"Burada dil biliyi ilə bağlı sertifikatlar və universitetdə göstərdiyin nəticələr önəmlidir. Amma ən vacibi sizin ixtisasınızla bağlı əlavə fəaliyyətinizdir. Buraya elmi məqalələr və oxuduğunuz sahədə iş təcrübəsi də daxildir. Qəbul olduğum universitet daha çox elmi araşdırmalar üzrə ixtisaslaşdığı üçün qəbul almağımda elmi məqalələrimin rolu çox olub".
O vurğulayıb ki, qəbul aldığını və qazandığı təqaüd məbləğini eşitdikdə, əlavə məsuliyyəti yaranıb:
"Sevindim, amma dərhal da nə edəcəyimlə bağlı planlar qurmağa başladım. Çünki bu təqaüd həm də böyük məsuliyyətdir. Məqsədim elm sahəsində faydalı olmaqdır. Araşdırmalarıma davam etmək istəyirəm. Təhsil alacağım universitet də bunun üçün ideal məkandır. Tələbələr və professorlarla bərabər böyük işlər görəcəyimə ümid edirəm. Uşaqlıqda Nobel mükafatını qazanmaq istəyirdim, indi isə ixtiralarımla dünyaya faydalı olmağı arzulayıram. Ölkəmi təmsil etmək mənim üçün qürurdur".
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Abiturientlərə qanunsuz cihaz satan şəxsə cəza verildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ
- DİM taksi sürücüləri üçün imtahan keçirib
- Azərbaycanda Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib, sədr seçilib
- Hakim olmaq istəyən namizədlər üçün tеst imtаhаnı keçirilib
Rəylər