Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il Azərbaycanda ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb.
Oxu.Az xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadənin bildirdiyinə görə, bu il ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə 87 932 nəfər abituriyent sənəd verib. Onlardan 54 475-i bu ilin, 33 457 nəfər əvvəlki illərin məzunlarıdır.
Ali məktəblərə sənəd verənlərin 38 810-u qız, 41 552 nəfəri isə oğlan abituriyentlərdir. Bu il rus bölməsi üzrə sənəd verən abituriyentlərin sayı 7 570 nəfər təşkil edib. Onlardan 5 669-u bu ilin, 1 901-i isə əvvəlki illərin məzunlarıdır.
M.Abbaszadənin sözlərinə görə, əvvəlki illərin məzunlarının attestatlarının olub-olmaması barədə TQDK-da məlumat yoxdur. TQDK hərbi xidmətə çağırış məsələlərinə görə sənəd qəbulu komissiyalarına müraciət edib. TQDK bu il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaratdığı elektron bazaya inteqrasiya olunub. Bu il hərbi xidmətdən möhlət alaraq ərizələrini təsdiqləyən abituriyentlərin sayı 765 nəfər olub. Onlardan 501-i ərizəsini elektron formada təsdiqləyib.
Dövlət Komissiyasının sədrinin sözlərinə görə, 200 minə yaxın insan, ölkənin 57 regionunda iştirak edib. Sınaq imtahanlarında iştirak edən 75 483 nəfərdən 50 872-si I-IV qruplara sənəd verib. 25 min nəfər ali məktəblərə sənəd verməyənlər isə aşağı sinif şagirdləri olub, onlar biliklərini sınayıblar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, bu ilin məzunları və əvvəlki ilin məzunları da 4 qrupdan birinə ərizə veribsə, onun V qrupa da ərizə vermək hüququ var.
“2015-ci ilin məzunları V qrupa buraxılış və qabiliyyət imtahanlarının nəticələri əsasında müsabiqəyə buraxılırlar. Beləliklə, bu ilin məzunları və əvvəlki ilin məzunları da 4 qrupdan birinə ərizə veribsə, onun V qrupa da ərizə vermək hüququ var. Təbii ki, bu məcburi deyil”.
Onun sözlərinə görə, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları qeydiyyatdan keçməlidirlər ki, onlar imtahan vermədən buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak etsinlər.
M.Abbaszadə əlavə edib ki, əvvəlki ilin məzunları isə 3 fəndən - Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər:
“Təbii ki, orta ixtisas məktəblərindən başqa, ali məktəblərin qabiliyyət tələb edən ixtisaslarını seçənlər əlavə olaraq, qabiliyyət imtahanı verəcəklər. Bu proses də mayın 5-dən 18-dək aparılacaq. Onlar hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. İxtisas seçimi vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik. İki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklər”.
E.Ə.
www.oxu.az