“Pirallahı rayon Gürgən qəsəbəsində heç kimin evi sökülməyəcək. Sadəcə olaraq, su kanalının mühafizə zolağına müdaxilələr edilib, qanunsuz hasarlar çəkilib. Həmin hasarlar sökülməlidir”.
Bu sözləri Oxu.Az-a Abşeron Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Qəmbər Həsənov sözügedən ərazidən redaksiyamıza ünvanlanmış şikayətlə əlaqədar danışarkən deyib.
O qeyd edib ki, Gürgən qəsəbə sakini Rafael Bünyatovun iddiası əsassızdır və narahatlığa səbəb yoxdur:
“Buna oxşar durum Bakının digər rayonlarında da var idi. Məsələn, Sabunçu rayonunda əhali zibili kanala atırdı, natəmizlik yaranmışdı. Biz həmin rayonun icra başçısı ilə danışdıq, kanal ətrafına zibil qabları qoyuldu. Problem həllini tapdı. Gürgən qəsəbəsindəki ərazidə isə hasarlar təmizləmə işlərinə mane olur. Əhalinin kanal qırağı, yaşadığı yerlərdə zibil qutularının qoyulması, vaxtlı-vaxtında zibilin daşınması şərtdir. Həmin su kanalı Ceyranbatan su anbarından gəlir və bağ evlərinin suvarılması üçün istifadə edilən göz yaşı kimi tərtəmiz sudur. Amma sakinlər həmin təmiz suyu çirkləndirirlər. Ora çirkab suları qarışır, həmin qalıq su da axıb, dənizə gedir. Bunun qarşısı alınmalıdır. Su kanalının 73 km uzunluğu var, 41 nasos o kanaldan götürür, 18 000 hektar ərazi sulanır. Biz İcra Hakimiyyəti qarşısında məsələ qaldırdıq ki, kanaldan gələn qalıq suyun axıdılması üçün ayrı bir qol çəkilsin.
Sakinlər müxtəlif yollarla zəbtetmələrə nail olublar. Evlərin çıxarışı ola bilər, bunu anlamaq olar, amma ətrafa çəkilən hasarlar mütləq sökülməlidir ki, biz kanalı yenidən quraq. Həmin əraziyə texnikanın girməyi mümkün deyil. Ona görə, İcra Hakimiyyətinə bildirdik ki, hasarlar sökülsün, biz ora daxil olub, səliqə-sahman, təmizlik yarada bilək. Kiminsə evinin söküləcəyi, şikayətlər sakinlərin uydurmasıdır. Belə bir şey yoxdur”.
Qəmbər Həsənov xüsusi vurğulayıb ki, kanalın istiqamətinin dəyişdirilməsi mümkün deyil: “Layihələndirmə aparılıb, 41 nasos kanaldan “qidalanır”. Olmaz ki, məsələnin bu tərəfinə də baxaq, vətəndaşlar qeyri-qanuni yollarla kanalın mühafizə zolağına girməsinlər? Dediyim kimi, orada hasarlar sökülməlidir. Əgər ev kanalın üzərində tikilibsə, ancaq məhkəmənin qərarı ilə sökə bilərik.
Gürgən sakini deyir ki, ərazidə su kanalı olmayıb. Halbuki kanal 1956-ci ildə layihələndirilib, 1966-cı ildə başa çatdırılıb. Bələdiyyə və ya icra hakimiyyəti sakinə torpaq verəndə, onlar niyə aidiyyəti qurumlara müraciət edib, dəqiqləşmə aparmayıblar? Bunu öz təhlükəsizlikləri üçün sakinlər etməli idilər. Torpaq alan sakinlər ərazinin təhlükəsizliyini yoxlamalı idilər. Onlar deyir ki, orada kanal olmayıb. Yenə deyirəm ki, yalandır. Kanalı məhv edən də elə sakinlər özləri olub. Nə haqla çirkab sularını, zibilləri kanala axıdırlar, ətrafını çirkəndirirlər? Kanal daşa bilər, hansısa qəza ola bilər, su basa bilər. Sakinlər torpaq alanda bunu nəzərə almalı, bütün qurumlarla aydınlaşdırmalı idilər.
Bu məsələdə zərər çəkən yoxdur. Sadəcə olaraq başa düşülməlidir ki, ərazinin təmizlənməsi üçün kanalın yanına yaxınlaşmaq mümkün deyil. Bunun üçün qanunsuz çəkilən hasarlar sökülməlidir. Bilirəm, vətəndaş narahatdır. Bacardığımız qədər sakinlərə ziyan etməyəcək yolu tapacağıq. Amma evlər sökülməyəcək”.
15 yanvar, 13:48
“Pirallahı rayon Gürgən qəsəbə sakini Rafael Bünyatov tərəfindən fərdi qaydada və təhrif olunmuş səkildə verilmiş məlumat əsassızdır”.
Bu barədə Oxu.Az-a müraciət etmiş Rafael Bünyatovun iddiasına Pirallahı Rayon İcra Hakimiyyətindən verilən cavabda deyilib.
Saytımıza göndərilən cavabda qurumdan bildirilib ki, qəsəbə sakini tərəfindən aparılmış hasarlama və tikinti işləri Abşeron magistral su kanalının mühafizə zolağını pozmaqla, su axınına və kanalın fəaliyyətinin təmin olunmasına ciddi maneçilik yaradıb:
“Bu kimi hal, ərazidə antisanitar vəziyyətin və digər problemlərin yaranmasına, həmçinin əhalinin haqlı narazılıqlarına səbəb olub.
Müraciət müəllifinin təqdim etdiyi sənəd yalnız həmin ərazidə aparılmış tikinti və hasarlama işlərinin 1200 kvadratmetr hissəsinə aiddir. Lakin digər hissələrə, əsasən də daş hasarlama ilə kanalın tutulmuş hissəsinə - yaşayış olmayan torpaq sahəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlər təqdim edilməyib.
Bununla əlaqədar, ərazinin sanitariya-epidemioloji vəziyyətin, insanların sağlam və təhlükəsiz yaşayışının, habelə ətraf mühitin mühafizəsi və bərpasının, şəhərsalma-tikinti norma və qaydalarının, həmçinin sözügedən kanalın fəaliyyətinin təmin edilməsi məqsədilə və əhalinin müraciətlərini nəzərə alaraq, kanalda və ətrafında aidiyyəti qurumların iştirakı ilə müvafiq işlər görülməkdədir”.
Qurumdan o da bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və aidiyyəti qurumlara müraciət olunub, tədbirlər qanunvericiliyə müvafiq olaraq davam etdiriləcək.
“Eyni zamanda, qeyd olunmalıdir ki, ölkəmiz hüquqi dövlətdir və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, mülkiyyət toxunulmazdır. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz”, - deyə qurumdan əlavə olunub.
16:56 (14.06.2023)
Pirallahı Rayon İcra Hakimiyyəti sakinlərin evini söküb, yerində su kanalı çəkəcək.
Bununla bağlı Oxu.Az-a rayonun Gürgən qəsəbə sakini Rafael Bünyatov məlumat verib. O qeyd edib ki, sakinlər yaranmış problemlə əlaqədar mətbuata müraciət edib, məsələnin işıqlandırılmasına çalışdıqlarına görə icra başçısı şəxsi qərəz güdərək, qanunsuzluğa başlayıb:

“Bizim yaşadığımız ərazidə həyət evlərinin kanalizasiyası yoxdur, şambolardan istifadə edirik. Son zamanlarda şambolar su ilə dolduğuna görə həyət evlərinə keçməyə başlamışdı. Və birdən-birə ərazidə su kanalı peyda oldu. Kanalın axıntısı o qədər güclü olur ki, heyvan cəmdəkləri, plastik tullantılar, zir-zibil su ilə axıb gəlib və ərazini üfunət bürüyüb. Problem ekoloji fəlakətə səbəb olduğuna görə biz məsələnin işıqlandırılması üçün Baku TV-yə müraciət etdik. Televiziyanın çəkilişindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi əraziyə iki nəfər nümayəndə göndərdi. Onlar ərazini tədqiq etdilər və bizə bildirdilər ki, icra hakimiyyəti kanalı ləğv etməli, ərazini təmizləməlidir. Hətta bildiyim qədərilə, icra orqanına üç min manata yaxın cərimə də müəyyən edilib. Lakin icra hakimiyyəti tapşırıqlara məhəl qoymur.

Mənim evimin altına su dolub, drenaj vasitəsilə dənizə axır. Evin divarları çat verib. Bununla bağlı icra hakimiyyətinə faktları, fotoları göndərdim, dedilər ki, köməklik ediləcək. Baku TV-nin süjeti yayımlanan gün axşam saatlarında icra nümayəndələri əraziyə gəldilər, bildirdilər ki, kanal ləğv ediləcək, tullantılar təmizlənəcək. İndi isə xüsusi işarələr qoyublar ki, bu ərazidə yeni su kanalı çəkilir. İcra hakimiyyətinin qoyduğu işarələr fərdi yaşayış evlərinin içərisindən keçir. Belə çıxır ki, bizim evlərimizi sökəcəklər. İcra hakimiyyətindən problemin həlli üçün köməklik istədik, əvəzində qanunsuz olaraq evlərimizi söküb, yerində su kanalı çəkməyə cəhd edirlər”.
Qəsəbə sakini onu da diqqətə çatdırıb ki, icra hakimiyyətinin sökmək istədiyi evlərin bütün sənədləri var:

“Hətta bələdiyyə sənədləri ilə bərabər, çıxarış da almışıq. İcra hakimiyyətinin əlində heç bir əsas, söküntü aparmaq üçün məhkəmə qərarı belə, yoxdur. Bu qanunsuzluğa son vermək lazımdır”.
Problemin mövcud olduğu ərazinin hazırkı durumunu əks etdirən fotoları təqdim edirik:




Daha çox foto burada: PhotoStock.az
Aysel Aslan