Abşeron rayonunda kuryerlər arasında baş verən insidentdə xəsarət alan 22 yaşlı şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb:
"Mayın 28-i saat 21:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan ərazisində təcili tibbi yardım xidmətinə çağırış daxil olub.
Çağırış əsasında saat 21:09-da ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda xəsarət alan şəxsin vətəndaşlar tərəfindən tibb müəssisəsinə aparıldığı bildirilib.
2003-cü il təvəllüdlü şəxs (kişi cinsli) saat 21:20 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Sağ budun aşağı 1/3 hissəsinin və sağrı nahiyəsinin kəsilmiş, deşilmiş yarası, başın təpə nahiyəsinin cızılmış yarası diaqnozları təyin edilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb".
Aygün Mirakif
Axşam saatlarında Abşeron rayonu ərazisində moped sürücüləri - kuryerlər arasında insident baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli məlumat verib.
Onun sözlərinə görə, hadisə barədə polisə məlumat daxil olub və dərhal araşdırmalara başlanılıb. İlkin məlumata əsasən, tərəflərdən biri - 22 yaşlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ərazi polis orqanında araşdırma aparılır, əməli törədən şəxs, yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür.